Be. Okt 14th, 2019

Neft niyə kəskin ucuzlaşdı? – Ekspert

ABŞ-da neft hasilatının yeni rekord səviyyəyə yüksəlməsi nəticəsində neftin qiyməti 70 dollardan aşağı düşdü.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, növbəti günlərdə neftin qiymətində yenidən azalma müşahidə olunacaq:

“Dünya bazarında “Brent” markalı neftin qiymətinin enməsinə müxtəlif faktorlar təsir edir. Bunu mövcud siyasi şərtlər və fundamental səbəblərlə izah etmək olar. Aprel ayında neftin qiymətinin birdən-birə bahalaşması ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla bağlı 8 ölkəyə verdiyi müddətin başa çatmasından sonra qəbul edilən qərarla bağlı idi. Donald Tramp administrasiyası həmin 8 ölkəyə yenidən vaxt tanımadı. Bu, dünya bazarlarında neftin qiymətinin bahalaşmasına səbəb oldu. Qiymətin qalxmasında OPEK-in neft hasilatını azaltması faktoru da dayanırdı. Daha sonra neftin kəskin ucuzlaşması Trampın Səudiyyə Ərəbistanı kralı ilə danışıqlarından sonra baş verdi. Səudiyyə Ərəbistanı İran neftinin ixracının tam sıfırlanmasının neft bazarına təsir etməməsi üçün Tramp administrasiyasına dəstək verəcəyini açıqladı. Hazırda ABŞ neft hasilatının sürətlə artması və ixrac potensialının güclənməsi ilə bazarda qiymət üzərində təzyiq formalaşdırır”.

Ekspert deyib ki, “Brent” markalı neftin növbəti bir ay ərzində təxminən 65 dollara qədər ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, son 10 gün ərzində “Brent” markalı neftin qiyməti 75 dollardan 69,44 dollara enib.

Paylaş: