Şb. Sen 21st, 2019

Səudiyyədən qaçan qızlara Gürcüstan pasportu verildi – Ərəb ölkəsində onları ölüm gözləyirdi

Səudiyyə Ərəbistanından qaçan iki bacıya Gürcüstan pasportları verilib. Onlar ailələrinə qaytarılarlarsa, öldürüləcəklərini deyirdilər. Twitter-ə post etdikləri qısa videoda 25 yaşlı Vafa al-Subaye və onun 28 yaşlı bacısı Maha al-Subaye-nin əllərində Gürcüstan pasportlarını tutduqları görünür.

Onlar hərəkət istiqamətləri barədə heç nə bildirməyiblər.

“Biz böyük həyəcanla bildiririk ki, Gürcüstanı tərk edirik. Biz yeni bir ölkədə yeni həyat başlamağa gedirik. Bizə dəstək vermiş yerlilərə və xaricdəki hər bir kəsə minnətdarlığımızı bildiririk. Biz habelə petisiyamızı imzalamış hər bir kəsə minnətdarlıq edirik”.

Videonun Gürcüstan hava limanlarından birində çəkildiyi başa düşülür. Bu barədə Gürcüstan hakimiyyət orqanlarından heç bir şərh verilməyib. Ötən ay sözü gedən iki bacı sosial media vasitəsilə kömək istəmiş və Gürcüstana sığınmışdılar. Bu, qadınların Səudiyyədəki ailələrindən qaçdığı ilk hadisə deyil.

Aprelin 18-də bacılar bildirmişdilər ki, onlar Səudiyyədən Gürcüstana viza tələb olunmadığına görə gəliblər:

“Biz Gürcüstanda heç kimi tanımırıq. Bura ona görə gəlmişik ki, viza tələb olunmayıb. Bizim başqa bir variantımız yox idi”.

Bacıların Change.org saytında yerləşdirilmiş BMT-yə müraciətini 40 min nəfər imzalamışdı. Onlar petisiyada qadınlara üçüncü bir ölkədə sığınacaq verilməsini istəyirdilər. Ötən yanvarda başqa bir səudiyyəli yeniyetmə qız Tayland hava limanına sığınaraq BMT-yə müraciət etmişdi. Nəticədə ona Kanadada sığınacaq verildi.

Ötən mart ayında isə 18 və 20 yaşları olan daha iki səudiyyəli bacı üçüncü bir ölkəyə qaçaraq sığınacaq istəmişdi. Onlara Honq Konqda humanitar viza verilib. Bacılar ailələrindəki zorakılıqdan qaçdıqlarını bildirmişdilər.

Paylaş: