Ça. Avq 20th, 2019

İran da nüvə sazişinin bəzi öhdəliklərindən imtina edir – Zərif “altılıq” ölkələrinə müraciət etdi

İran 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində “bəzi öhdəliklərinin” icrasını dayandıracağı barədə qərarını sazişi imzaladığı ölkələrə bildirib. Dövlət mediası bu haqda mayın 8-də – Birləşmiş Ştatların nüvə sazişindən çıxmasının ildönümündə yazıb.

IRIB dövlət televiziyasının məlumatına görə, Prezident Həsən Ruhaninin məktubları Britaniya, Fransa, Almaniya, Çin və Rusiya səfirlərinə çatdırılıb. Məktubda İranın sazişdən qismən çıxdığı təsvir olunub.

Sazişi imzalamış bu ölkələr Birləşmiş Ştatların birtərəfli çıxmasına baxmayaraq ona sadiq qalır.

Tehran rəsmiləri daha öncə İranın uran zənginləşdirməni artıra biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Xarici işlər naziri Məhəmmdə Cavad Zərif Aİ-nin xarici siyasət rəhbəri Federkca Mogeriniyə məktubunda “İranın öhdəliklərinin ixtisarının texniki və hüquqi detallarını” izah edəcək.

Tehranın hansı addımları açıqlayacağı aydın olmasa da, Zarif Tehranın sazişdən tamamilə çıxmaq niyyəti olmadığını deyib. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Ancaq Prezident Donald Tramp bir il öncə ABŞ-ın sazişdən çıxdığını elan elədi. Onun fikrincə, saziş qüsurludur, İranın ballistik raket hazırlamasını, Yaxın Şərqdəki proksilərə dəstəyini əhatələmir.

Vaşinqtonun bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub. Tehran isə sazişin şərtlərinə əməl etməkdə davam edib. Bunu İranın nüvə fəaliyyətinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi də təsdiqləyib.

Avropa ölkələrin sazişi xilas etməyə çalışır, Tehran isə bu prosesin çox ləng getdiyini deyirdi.

“Avropa İttifaqı və digərləri… Birləşmiş Ştatların təzyiqinə dirəniş göstərməyə güc tapmadılar, bu səbəbdən… İran bəzi könüllü öhdəlikləri yerinə yetirməyəcək”, – Zərif deyib.

İranın gələcək hərəkətləri “tamamilə nüvə sazişi çərçivəsində olacaq, İslam Respublikası sazişdən çıxmayacaq”, – o əlavə edib. ABŞ administrasiyası ötən ay elan elədi ki, İrandan neft idxalçılarına sanksiyalardan möhləti uzatmayacaq. Məqsədi İranın neft ixracını sıfıra endirməkdir.

Mayın 5-də isə Ağ evin milli təhlükəsizlik müşaviri Con Bolton Yaxın Şərqə təyyarədaşıyan gəmir qrupu yerləşdirildiyini açıqladı, İrandan “narahatedici və qızışdırıcı əlamətlər və xəbərdarlıqlar” aldığını bildirdi.

Paylaş: