Be. Sen 16th, 2019

İranın bütün yolları bağlanır: TEHRAN “MÜHASİRƏDƏ”

İraqın Baş naziri Adil Abdulmehdi, ABŞ-ın enerji şirkəti “ExxonMobil” və Çinin nəhəng neft şirkəti “PetroChina” ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşdıqlarını söyləyib. 

Baş nazir, paytaxt Bağdadda keçirdiyi həftəlik mətbuat konfransında, ABŞ və Çin şirkətləri ilə imzalanacaq meqa layihə müqaviləsi haqqında məlumatlar verib. Adil Abdulmehdi İraqın yaxın vaxtlarda “ExxonMobil” və “PetroChina” ilə 53 milyard dollarlıq neft müqaviləsi imzalayacağını bildirib: 

“İraq Neft Nazirliyi, “ExxonMobil” və “PetroChina”, hazırda neftin qiymətlərinin düşməsi və artması halında mənfəətin necə bölüşdürüləcəyini müzakirə edirlər”.

İraqın Baş naziri, müqavilənin 30 illik olacağını və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə etməyi planlaşdırdıqlarını bildirib. Abdulmehdi, meqa neft müqaviləsində İraqın cənubundakı iki neft yatağının – “Nahr min Umar” və “Artavi”nin inkişaf etdirilməsilə yataqların neft istehsalı gücünün gündəlik 125 min bareldən 500 minə qaldırılmasının da yer aldığını deyib.

Abdulmehdi onu da qeyd edib ki, “ExxonMobil” müqaviləsinin ABŞ-ın Tehrana qarşı sanksiyaları ilə bir əlaqəsi yoxdur. Qeyd edək ki, Vaşinqton rəhbərliyi nüvə razılaşmasından birtərəfli çıxandan sonra, İrana qarşı ilk sanksiyalar paketini 2018-ci il avqustun 7-də, ikinci mərhələdə sanksiya paketini isə 2018-ci ilin noyabrın 5-də tətbiq etmişdi. ABŞ İrandan neft idxal edən 8 ölkəyə – Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 gün müvəqqəti güzəşt müddəti tətbiq etmişdi. Aprelin 22-də Ağ Evdən verilən açıqlamada İran neft sanksiyalarından azad olan 8 ölkəyə güzəşt olunmayacağı elan edilib.

Maraqlıdır, sözügedən müqavilə İran-İraq münasibətlərinə necə təsir edəcək?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, İraqın neft sektoruna xarici investisiyanın cəlb edilməsi, əməkdaşlıq sazişləri iki ölkənin münasibətlərinə təsir etməyəcək: 

“Hazırda İran-İraq münasibətləri normal səviyyədədir. Çünki İran İraqa iki xətlə boru kəmər qazı ixrac edir.Həmçinin İraq bölgələrinin bir hissəsinə İrandan elektrik enerjisi ixrac edilir.İndiki vəziyyətdə İran-İraq münasibətləri kifayət qədər normaldır.İraq dövlətinin aktivində olan neft yataqlarına xarici şirkətlərin cəlb edilməsi, əlavə investisiyaların qoyulması iki ölkə arasında münasibətlərə təsir edə bilməz.Çünki hər iki dövlətin neft hasilatında və ixracında, eləcə də neft siyasətində öz maraqları var. İran bu məsələlərə görə, İraqın daxili işlərinə qarışa bilməz.Çünki 2016-cı ildə İranın nüvə proqramı ilə bağlı imzalanan “5+1” sazişindən sonra İrana kifayət qədər xarici neft şirkətləri və kampaniyalar axın etdi.Sadəcə olaraq, ABŞ-ın 2018-ci ildə birtərəfli qaydada nüvə sazişindən imtina etməsi, xarici neft şirkətlərinin İranın həm qaz, həm də neft yataqlarını və iqtisadiyyatın digər sahələrinə investisiya qoymaq imkanlarını məhdudlaşdırdı.İran-İraq münasibətlərinin ayrı-ayrılıqda neft sektoruna qəbul olunan investisiyalar baxımından heç bir təsiri yoxdur.Düşünmürəm ki, İran bu məsələdə İraqla hər hansı bir qarşıdurmaya getsin.Onsuz da İraqdakı neft yataqlarında Səddam Hüseyn rejiminin devrilməsindən sonra neft kampaniyalarının fəaliyyəti bir az da genişlənib”.  /Cebhe.info/

Paylaş: