Şb. Sen 21st, 2019

İsrailin İrəvana “güllə” mesajı: Bakı-Təl-Əviv dostluğu… – Şərh

Həm regionda strateji əməkdaşlıq etməyə layiq olan, həm də hücuma məruz qalan biz olduğumuz üçün İsrail obyektivlik göstərərək, Azərbaycanın tərəfini saxlayır.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a İsrail Müdafiə nazirinin keçmiş müavini Efraim Snenin ölkəsinin Ermənistana silah satmayacağıyla bağlı açıqlamasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistan İsrailin Azərbaycana silah satmasından və iki ölkə arasındakı sıx dostluq münasibətindən qorxur:

“İrəvan dəridən-qabıqdan çıxır ki, İsraillə münasibətləri qaydaya salsın. Hətta bu yaxınlarda Ermənistan XİN rəhbəri İsrail mediasına müsahibəsində Azərbaycanın ünvanına həm təhqir, həm də böhtanlar yağdırıb. Mnatsakanyan açıqlamasında deyib ki, İsrailin verdiyi silahlarla guya Azərbaycan erməniləri qırır. Amma verilişin aparıcısı erməni naziri verdiyi yalan açıqlamalara görə qınayıb, doğru faktlarla tamamilə onu pis vəziyyətdə qoyub və ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini bildirib. Ermənistan yaxşı başa düşür ki, silahqayırma sahəsində ABŞ-dan sonra ən üstün yerlərdən birini İsrail tutur. Buna görə də İsrailin Azərbaycana silah verməsindən həddindən artıq ehtiyatlanır. Bu səbəbdən Paşinyan xüsusilə çalışır ki, İsraillə münasibətləri yaxşılaşdırsın. Çünki 2016-ci ilin aprel hadisələri göstərdi ki, İsrail ən müasir silahlara malikdir”.

Politoloq onu da qeyd edib ki, Azərbaycan geostrateji mövqeyinə görə Cənubi Qafqazda Ermənistan və Gürcüstanla müqayisədə İsraili daha çox cəlb edir:

“İsraillə Azərbaycan arasında sıx dostluq münasibətinin birinci səbəbi Azərbaycanın yəhudilərin ən kompakt şəkildə yaşadığı bölgə olmasıdır. Qubanın Qırmızı Qəsəbəsi ərazisində 150 mindən çox dağ yəhudisi məskunlaşıb. Həmçinin Bakıda da yəhudilər az deyil. İsrail təxminən 200 mindən çox olan yəhudiyə Azərbaycanda tolerant münasibət göstərilməsindən çox məmnundur. İsraillə Azərbaycan arasında möhkəm körpünün yaranmasında həmin yəhudilərin böyük rolu var. Həmçinin Azərbaycanın geostrateji mövqeyi, Xəzər dənizinin sahilində olması, Avropayla Asiyanı birləşdirən körpü rolu oynaması İsrailin Azərbaycana münasibətində önəmli rol oynayır”.

Qeyd edək ki, İsrail Müdafiə nazirinin keçmiş müavini Efraim Sne İsraillə münasibətləri düzəltmək istəyən Ermənistana Azərbaycanın düşməni olduğu üçün ölkəsinin bir güllə belə satmayacağını bildirib.

Paylaş: