Be. Sen 16th, 2019

Natamam siyasət: Zurabişvilinin ritorik addımları nə vəd edir?

Beynəlxalq münasibətlərdə qeyri-ciddi siyasətçilər çox ciddi amilə çevrilməkdədir.

Turkustan.info Redaktor.az-a istinadən bildirir ki, Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin eksperti Fuad Çıraqov Gürcüstan Prezidenti Salome Zurabişvilinin son addımlarını qiymətləndirib. Ekspert hesab edir ki, Zurabişvili son bir neçə gündə digər istiqamətlərdə fəaliyyəti ilə də qeyri-adekvat siyasətçi olduğunu göstərməkdədir:

“Azərbaycanla Gürcüstan arasında gərginliyin yaranması Salome Zurabişvilinin sərhəddəki kilsəyə gələrək gürcü sərhədçiləri ilə şəkil paylaşmasından başladı. Yəni durduğu yerdə Prezident Zurabişvili məsələni qızışdırdı.

Digər tərəfdən Zurabişvili əlavə iki qalmaqalın da yaranmasına səbəb olan addım atıb. Birincisi, özünün Tvitter səhifəsində ABŞ Prezidenti Donald Trampın bir tvitini retvit edib. Həmin tvitdə Tramp keçmiş vitse-prezident 2020-ci il prezident seçkilərində əsas namizəd C.Baydeni ələ salıb və təhqir edib. Aləm dəyib bir-birinə, araşdırma başlayıb, hətta iddia ortaya atılıb ki, bəs, bunu Zurabişvili etməyib, hakerlər səhifəsini ələ keçirib. Eyni zamanda Gürüstan prezidenti ikinci qalmaqala səbəb olan bir addım atıb. Belə ki, Zurabişvili Gürcüstanda ABŞ hərbi bazalarının olmasını istəmədiyini bəyan edib. Yenə aləm dəyib bir-birinə. Bütün siyasi elita müxalifətli-iqtidarlı hər kəs ona qarşı ayağa qalxıb. Çünki Gürcüstan illərdir NATO-ya, ABŞ bazalarının ölkəsində yerləşdirilməsinə can atır. Yəni, göründüyü kimi Zurabişvili öz ölkəsində neçə illərdir yürütdüyü xarici siyasət kursunu və strategiyasını başa düşmür”.  

F.Çıraqov vurğulayıb ki, Zurabişvilini o qədər də ciddi siyasətçi kimi qəbul etmək lazım deyil:

“Ümumiyyətlə, Zurabişvili əvvəlki karyerasında da özünün səviyyəsinə, gəldiyi ailənin tarixi roluna, təcrübəsinə və özünün keçdiyi diplomatik, siyasi yola yaraşmayan qeyri-adekvat çıxışlarla yaddaşlarda qalıb. Məsələn, o, Xarici İşlər naziri olanda İstanbula Konstantinopol deməsi ilə aranı qatmışdı.

Bu prezident martda Ermənistana səfəri zamanı bizim ərazi bütövlüyü ilə bağlı bir bəyanat vermişdi, çaşıb qalmışdım. Cavabı deyəsən indi tapdım, adamı çox ciddi qəbul edirdim. Zurabişvilinin təzə tviti də xeyli gülməlidir. Çünki o, YUNESKO-ya Gürcüstan tolerantlığının qeyri-maddi mədəni irs siyahısına salınması üçün müraciət edəcəyini yazıb. Bu fikrini ölkəsində müvafiq olaraq bu dövlətlərlə həmsərhəd, kompakt yaşayan 120-150 min erməni, 300 min azərbaycanlı yaşaması və icmaların problem yaşamaması ilə əlaqələndirir. Təkcə təklifin özü gülməli deyil, belə məlum olur ki, Zurabişvili illərin diplomatik təcrübəsinə, beynəlxalq təşkilatlarda fəaliyyətinə baxmayaraq, düzgün ingiliscə də danışa bilmir. (red.- 27 əsr, twenty fifty Armenian)”.

Ekspert bildirib ki, siyasətçi və dövlət adamının hər sözünü min dəfə ölçüb-biçib deməsinə öyrənilib:

“Amma artıq bunun əksi görünür. Belə halda təxribatçılara nə ehtiyac var ki, “useful idiot” siyasətçilər, ən yüksək postları tuta bilir. Zurabişvilinin müəllim kimi çalışdığı universitetdə təhsil almış keçmiş iş yoldaşım da tələbələrinin onun səviyyəsizliyindən şikayət etdiyini mənə demişdi. Yaxşı ki, Konstitusiyaya görə bu prezidentin heç bir səlahiyyəti yoxdur”.

 

Paylaş: