Be. Sen 16th, 2019

Sonuncu dünya müharibəsi: nələri bilməmişik? – QƏRİBƏ FAKTLAR

Bütün sovet xalqlarının taleyindən keçən, hər evə, hər ailəyə itki, əzab və qələbə sevinci yaşadan İkinci Dünya Müharibəsi barədə saysız-hesabsız kitab, məqalə yazılıb, istər bədii, istərsə də sənədli filmlər çəkilib. Zahirən, adama elə gəlir ki, bu mövzuda artıq çoxdan “ağ ləkələr” qalmamalıdır. Buna baxmayaraq, hələ də elə faktlar aşkarlanır ki, xalqın çox böyük hissəsi onlardan bixəbərdir, çünki zamanında bu faktları dilə gətirməkdənsə, susmaq, onları geniş kütlədən gizlətmək vacib idi. Bu yazıda insanda təəccüb və bəzən də təbəssüm doğuran belə faktlardan bir neçəsini oxuculara təqdim edirik.

Stalin Hitlerə xoş gəlmək üçün…

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) xarici işlər naziri Maksim Litvinov çox təcrübəli, uzun müddət qüsursuz fəaliyyətin göstərdiyinə görə dövlət rəhbərlərinin yüksək qiymətləndirdiyi bir diplomat idi. Stalinin də ona qarşı heç bir iradı yox idi. Lakin 1939-cu ilin aprel ayında rəhbər qəflətən onu tutduğu məsul vəzifədən azad edir. Litvinova qarşı irəli sürülən formal bəhanə həm də bu olur ki, xarici dövlətlərin vətəndaşları ilə çox sıx əlaqələrə malik imiş. Onda kimsə bu gülünc ittihamın mahiyyətinə varmır. Əslində, xarici işlər naziri, elə xarici dövlətlərin təmsilçiləri ilə sıx, səmimi münasibət qurmalı deyilmi? Bu qəfil qərarın əsl səbəbi isə tamam başqa idi. SSRİ az sonra Almaniya ilə sülh müqaviləsi imzalamalıydı. Vəzifəsinə görə həmin vacib sənədi imzalamalı olan Litvinov isə milliyyətcə yəhudi idi. III Reyxin füreri Adolf Hitlerin yəhudilərə nifrəti çoxdan bəlli idi deyə, füreri qəzəbləndirməmək, onu hələlik öz müttəfiqi kimi saxlayaraq, labüd müharibə qarşısında vaxt qazanmaq üçün Sovet rəhbəri öz nazirini dəyişməkdən yüngül çarə tapmır. Yeri gəlmişkən, hamının gözləntisinə rəğmən, Litvinov heç bir repressiyaya məruz qalmır. Elə bu da, yüksək vəzifədən çıxarılan dövlət məmurları üçün görünməmiş bir şey idi.

Fürerlə Rəhbərin təbrikləşməsi

Bu faktı sonralar yada salmamağa çalışırdılar, amma müharibə ərəfəsindəki illərdə SSRİ və Almaniyanın rəhbərləri bir-birinə bəslədikləri “səmimi dostluq münasibətlərini” israrla nümayiş etdirməyə çalışırdılar. Beləliklə, 1939-cu il, dekabr ayının 21-də “Pravda” qəzetində Adolf Hitlerin altmışillik yubileyi münasibətilə Stalinin təbriki dərc olunur. O vaxt Stalinlə Hitlerdən başqa heç kimin ağlına gəlməzdi ki, iki il tamam olmamış, “qatı dostlar” bir-birinin qanını içməyə hazır olan qatı düşmənə çevriləcək və ölüm-dirim savaşına qalxacaqlar.

Stalin həbs ediləcəyini düşünüb…

1941-ci il iyun ayının 22-də Kommunist Partiyasının siyasi büro üzvlərindən bir neçəsi faşist Almaniyasının SSRİ üzərinə qəflətən hücum etdiyini Stalinə çatdırmaq üçün Moskva yaxınlığındakı hökumət bağına gələndə, rəhbərin reaksiyasından bəlli olmuşdu ki, o, indicə… həbs olunacağını fikirləşib.

“Yuxarı eşelonda” gözlənilməz həbsləri çox sevən İosif Vissarionoviç, görünür, özünün də nə vaxtsa həbs ediləcəyini istisna etmirmiş. Əslində, bunun üçün əsas da vardı. Bir qədər əvvəl Molotovla Ribbentrop arasında imzalanmış paktın qaçılmaz müharibə ərəfəsində ona ölkənin silahlı qüvvələrini müasir tələblərə uyğun yenidən qurmaq üçün hava-su kimi lazım olan fürsəti verəcəyinə hamı əmin idi. Lakin Stalin ölkəni ciddi müharibəyə hazırlaşdırmaq kimi mühüm bir vəzifənin öhdəsindən gələ bilməmiş, SSRİ qəddar düşmənlə savaşa hazırlıqsız girmişdi.

Müharibənin başlandığını radiodan eşitmişdilər

Alman diplomatları müharibənin başlandığını radiodan eşitmişdilər Onları ölkələr arasındakı münasibətlərin kritik həddə gərginləşdiyindən və müharibənin başlanacağından xəbərdar etmək Almaniyada kimsənin ağlına gəlməmişdi. Diplomatlar müharibə xəbərini sovet radiosunun məşhur sovet diktoru Levitanın müraciətindən eşitmişdilər.

Bu şəhəri bombalamaq qadağan idi

Müharibə zamanı sovetlərin Lipetsk şəhərini aviasiya vasitəsilə bombalamaq faşist təyyarəçilərinə qadağan edilmişdi. İş bundadır ki, orada məxfi aviasiya məktəbi vardı, iyirminci illərin sonunda alman pilotlarının böyük bir hissəsi məhz orada təhsil almışdı. O vaxt almanlara qarşı münasibət çox yaxşı olduğundan yerli xanımlarla ünsiyyət qururdular və yadelli müdavimlərin çoxunun lipetskli qızlardan övladları da olmuşdu. Bunu bilən Hitler belə bir əmr vermişdi ki, Lipetsk şəhəri bombalanmasın…

Döyüşçülər savaşda zireh geyməli idilər

Orta əsrlərdə süvarilərin zireh geydiyini hamı bilir. Amma Böyük Vətən müharibəsində döyüşçülərə zireh geydirmək istədiklərindən çox az adamın xəbəri var. Belə zirehləri əsasən, piyada qoşunları və artilleriya üçün hazırlamışdılar; zirehin insan tələfatını azaldacağını düşünürdülər. Pilot layihəsini Ural könüllülərinin tank korpusunda sınadılar. Daha sonra, 1943-cü ildə isə zirehdən real döyüşdə istifadə etdilər. Bu, cəmi bir dəfə oldu. Zireh dəsti o qədər ağır idi ki, əsgərlər onu elə döyüş meydanında atıb gedirdilər.

Tank kimi traktorlar

Sovet qoşunlarının komandanlığı Stalinqrad şəhərinin müdafiəsində Nİ seriyalı tanklardan istifadə etmək barədə qərar vermişdi. Əslində, o adda tank yox idi, istifadə olunan maşınlar zirehə bürünmüş, böyük kalibrli pulemyotlarla təchiz edilmiş traktorlar idi. Döyüşdə bu yöndəmsiz maşınlar heç bir effektə malik deyildi, lakin nəhəng ölçüləri, qeyri-adi görkəmi, güclü mühərriklərinin gurultusu və tırtıllarının dəhşətli səsi almanların canına qorxu salırdı.

Reyxstaqı ələ keçirməyin heç bir mənası yox idi

Hamı bilir ki, Sovet qoşunları Reyxsatıq binasını tutaraq, onun damına Qələbə bayrağını sancmaqla, müharibə başa çatmış oldu. Əslində isə o vaxt Reyxstaq heç bir strateji rol oynamırdı; bu binanın, olsa-olsa, rəmzi əhəmiyyəti vardı. Bu əzəmətli binada bir zamanlar Almaniya parlamenti toplaşırdı. Hitler hakimiyyətə gələn kimi, hakimi-mütləq olmaq üçün parlamenti dağıtmışdı. Nasistlərin, Fürer də başda olmaqla, bütün rəhbərliyi Reyxskanselyariyada yerləşirdi.

Bəs onda sovet ordusu nəyə görə pərcərə-qapıları mismarlanmış bu binanı ələ keçirməyə bu qədər səy göstərirdilər?  Bunun çox maraqlı bir səbəbi vardı. İş bundadır ki, 1944-cü il noyabrın 7-də Böyük Oktyabr Sosialist inqilabının növbəti ildönümündə Stalinin bayram nitqində bu sözlər vardı: “Tezliklə, bayrağımız Reyxstaq üzərində dalğalanacaq”. Qızıl Ordu Berlinə çatanda, komandanlıq böyük rəhbərin arzusunu çin etmək üçün ilk növbədə Reyxstaqın tutulması barədə əmr vermişdi… (lent.az)

 

Paylaş: