Şb. Sen 21st, 2019

ABŞ Çin mallarına rüsumu qaldırır – Qlobal ticarət savaşına start verildi

Cümə günündən ABŞ Prezidenti Donald Trampın Çin mallarına qoyduğu əlavə rüsumları qüvvəyə minir. Trump 200 milyard dollarlıq Çin malına rüsumun 10 faizdən 25 faizə qaldırılacağını demişdi. Pekin isə bunu cavabsız qoymayacağını bildirib.

Çinin Kommersiya Nazirliyi Birləşmiş Ştatların qərarından “dərin təəssüf” hissi keçirdiyini bildirib, gərəkən əks-tədbirlər görüləcəyini açıqlayıb. Bu arada Vaşinqtonda ABŞ-Çin ticarət danışıqları davam edir.

Tramp administrasiyası danışıqlar ikinci günə keçdiyi bir vaxtda rüsum artımını geri götürmək yönündə heç bir addım atmadığından, ABŞ-ın Gömrük və Sərhəd Mühafizə idarəsi cümə günü gecəyarısı Çindən gələn mallara yeni 25 faizlik tarifi tətbiq etməyə başlayıb.

Gecə 12-dən qabaq Çin limanları və aeroportlarından çıxmış 5 min 700-dən artıq məhsul kateqoriyası ilkin 10 faizlik rüsum qrupuna aid olacaq, idarənin sözçüsü deyib.

Tramp rüsumları artıracağına dair qərarını ABŞ idxalçılarına beş gündən də az vaxt qalmış bildirib. Daha öncə Çindən 50 milyard dollarlıq maşın avadanlığı və texnologiya məhsullarına rüsum qaldırılmışdı.

Rüsumlar qüvvəyə minəndən sonra ABŞ birjalarında fyuçerslərin qiyməti düşüb, Asiya birjalarının gəlirləri azalıb. İnvestorlar ticarət müharibəsinin uzanmasının qlobal iqtisadi artımı yavaşıdacağından narahatdırlar.

“Fəlakətli nəticələr”

Moody’s agentliyinin İnvestorlar Xidmətindən Mixail Taylor deyir ki, Birləşmiş Ştatların addımı qlobal ticarətdə qeyri-müəyyənliyi artırıb, ABŞ-Çin münasibətlərində gərginliyi yüksəldib və qlobal əhval-ruhiyyəyə mənfi təsir göstərib. Yeni rüsumlar 20 milyard dollardan artıq dəyərində internet modemləri, ruterlər, digər data ötürücü cihazları, 12 milyard dollarlıq çap-montaj lövhələrini əhatələyir. Mebel, işıqlandırma məhsulları, avtomobil hissələri, tozsoranlar, tikinti materialları da yeni rüsum siyahısındadır. İstehlakçı Texnologiyası Assosiasiyasının rəhbəri Gary Şapio deyib ki, yeni rüsumları, Trampın iddia etdiyi kimi, Çin deyil, amerikalı istehlakçılar və şirkətlər ödəyəcək.

“Bizim sənaye ABŞ-da 18 milyonluq iş yerini dəstəkləyir. Tariflərin qaldırılması fəlakətli nəticələr verəcək”, – Şapiro bəyanatında deyib.

“Artıq tətbiq olunmuş rüsumlar oktyabrdan bəri Amerikanın texnologiya sektoruna 1 milyard dollarlıq ziyan vurub. Bu, kiçik bizneslər və startaplar üçün ölüm-dirim məsələsinə çevrilə bilər, onlar əlavə xərcləri qarşılamaq iqtidarında olmaya bilərlər”, – o vurğulayıb.

Paylaş: