Şb. Sen 21st, 2019

QHT yeniyetmə və gənclər üçün sürətləndirilmiş ixtisas kurslarının təşkilinə başladı

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Regionlarda əhalinin həssas qruplarına daxil fiziki məhdudiyyətli, habelə valideyn himayəsindən məhrum yeniyetmə və gənclər üçün sürətləndirilmiş ixtisas kursların təşkili” layihəsinin icrasına başlayıb. 
Bu barədə məlumatı Turkustan. info-ya ictimai birliyin sədri İradə Polad verib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. 
Birliyin sədri İradə Polad bildirib ki, layihə İmişli, Ağcabədi rayonlarındakı məcburi köşkün qəsəbələrində və Şirvan şəhərində həyata keçiriləcək: 
“Əhalinin həssas qruplarına daxil fiziki məhdudiyyətli, habelə valideyn himayəsindən məhrum yeniyetmə və gənclərin vəziyyəti və taleyi daim dövlətimizin diqqət mərkəzində olub. Dövlət uşaq müəssisələrində yaşayan bu kateqoriyadan olan uşaqların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən qayğının keyfiyyətini artırmaq üçün Azərbaycan hökuməti  “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nı qəbul etmiş və uğurla icra edilib. Qeyd edilən qrupa daxil olan vətəndaşlarımızın   etibarlı sosial müdafiəsi, sosial dəstək mexanizmlərinin yaradılması, psixoloji və sosial konsultasiya kimi reabilitasiya və profilaktik xidmətlərin təşkili “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapıb. Bütün bunlara baxmayaraq, qeyd edilən təbəqədən olan yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasında çətinliklər hələ də qalmaqdadır.  İnternat müəssisələrində, yeni təşkil olunmuş xidmətlərdə bu cür yeniyetmə və gənclərin müvafiq dəstəklə təmin olunmasında, peşəkar kadrların hazırlanmasında, bir çox çatışmazlıqlar var. Onların işlə təmin olunması, müasir tələblərə cavab verən peşəkar səviyyəli ixtisasa sahib olmaları, maddi vəziyyətlərini yaxşılaşdırmaları, özlərini təmin etmələri üçün fərdi layihələrin işlənməsinə ehtiyac var. Çünki, araşdırmalar sübut edir ki, bu qrupa daxil olan gənc və yeniyetmələrin insan alveri qurbanı olma, cinayət törətmə və narkotik aludəsi olma riski daha böyükdür. Nəticədə onlar çətin həyat şəraitində olan insanlar qrupuna daxil olaraq dövlətin verəcəyi müavinət və əlavə dəstəklərdən asılı vəziyyətdə qalırlar. Bu da dövlətə əlavə sosial xərclər yaradır”.
İradə xanım bildirib ki, təşkilatları qeyd olunan təbəqə ilə işləyən və bu sahədə qabaqcıl təcrübəyə malik olduğundan  həmin yeniyetmələrə və gənclərə əlavə sosial-psixoloji yardımın göstərilməsini vacib bilirlər: “Bu layihə həssas sosial qruplara daxil olan yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması üçün onlara davamlı psixoloji və maddi dəstəyin göstərilməsini və onları müvafiq mövzularda təlimləndirməyi nəzərdə tutur. Layihənin bu səpkidə həyata keçirilməsi yeniyetmə və gənclərin özlərinə inamın artırılmasına, özünü qiymətləndirmənin formalaşmasına, öz hərəkətlərinə görə məsuliyyət hissinin inkişafına xidmət etməklə, cəmiyyətə adaptasiya vərdişləri aşılayacaq”. 
Birliyin sədri vurğulayıpb ki, layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rayon Təhsil Şöbəsi,  Rayon Dövlət Sosial Müdafiə Fondu, Rayon İcra Hakimiyyəti, İcra nümayəndəlikləri, Səhiyyə və Məşğulluq idarələri ilə əməkdaşlıq edəcəklər. Layihənin icrası sentyabrın 30-da yekunlaşacaq.  

Paylaş: