Şb. Sen 21st, 2019

Azərbaycan seçim etməlidir: Zaman bizdən nəyi tələb edir?

Dünyada yaranmış reallıq və Azərbaycanın maraqları Avropa Birliyi ilə sazişin imzalanmasını tələb edir.

Turkustan.info bildirir ki, sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a açıqlamasında Brüsseldə Azərbaycan prezidentinin də dəvət aldığı toplantıdan əsas gözləntilərə aydınlıq gətirib. Politoloq hesab edir ki, bu görüşün çox böyük əhəmiyyəti var:

“Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində,  xüsusilə də Dağlıq Qarabağla bağlı olan  məsələlərdə rəsmi Moskvanın mövqeyində obyektivlik tamamilə itib. Hətta belə demək mümkündürsə, Rusiya Minsk Qrupu formatında da öz mənəvi haqqını çoxdan itirib. Çünki rəsmi Moskva açıq-aşkar Ermənistanın tərəfini tutmaqdan çəkinmir”.

Politoloq vurğulayıb ki, Azərbaycan seçim etməlidir:

“Azərbaycanın haqq səsinə, ərazi bütövlüyünə dəstək verən və Azərbaycana müsbət cəhətlər gətirə biləcək qüvvələrlə əlaqələr genişləndirilməlidir. Təxminən bir neçə ay bundan əvvəl ölkə başçısı da çıxışında bildirmişdi ki, dünya zora-gücə arxalanır. Artıq dünyada bir çox prinsipial məsələlər güclə həll edilir.  Hazırda dünyada hərbi-siyasi baxımdan ən güclü tərəfdaş NATO, iqtisadi-siyasi baxımdan isə AB-dir. AB uzun müddətdir ki, postsovet məkanındakı ölkələrlə əlaqələr qurur. Azərbaycan da AB ilə tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Cənubi Qafqazda Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamayan yeganə ölkə Azərbaycandır. Ermənistan artıq il yarımdır ki, bu birliklə saziş imzalayıb. Ermənistanın KTMT-yə üzv olması, onun AB ilə sazişi imzalamasına mane olmur. Azərbaycan da Qoşulmama Hərəkatında qala-qala AB ilə tərəfdaşlıq sazişini imzalaya bilər. Rəsmi Bakı balansdırılmış siyasət konteksində Qoşulmama Hərəkatına üzv olub. Bu həm də Rusiya tərəfindən təzyiq edilən bir siyasət idi. Rusiya ilə ziddiyyətə girməmək üçün Azərbaycan hər hansı bir bloka qoşulmamaq xəttini götürdü. Amma AB ilə sazişin imzalanması artıq zamanın tələbidir. Həmin birlikdə olan ölkələrin ən azı 15 ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu sazişin üzərində uzun müddətdir iş gedir. Güman edirəm ki, artıq danışıqlar prosesi özünün son (“Finish”)fazasına çatıb. Ayın 15-də sazişin imzalanacağını düşünürəm. Bu sazişin imzalanması Azərbaycan üçün daha geniş imkanlar açacaq”.

Xatırladaq ki, bu gün Brüsseldə Avropa Birliyinin (AB) 2009-cu ildə əsası qoyulmuş “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayıb. 2 gün çəkəcək toplantıya 6 ölkənin – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun rəhbərləri dəvətlidir.

Paylaş: