Be. Avq 19th, 2019

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Kürdəmir rayonunda qonaq olub

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Kürdəmir rayonu olub. 
Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi, yerli sakinlər iştirak edib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov şəhər və rayonları təmsil edən nümayəndə heyətlərini salamlayaraq festivalın bu bölgədə keçirilməsindən məmnunluqlarını bildiriblər. Milli geyimdə qızlar qonaqları şərbət və xonçalarla qarşılayıblar.
Sonra tədbir iştirakçıları regional mədəniyyət idarələrinin sərgi guşələrinə baxıblar. Şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ tətbiqi sənət nümunələrini, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını, digər əl işlərini nümayiş etdiriblər. Ziyarətçilər dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ikebana, qobelen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlərlə maraqla tanış olublar.
Festivalın ikinci hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığın bildirib. 
Festival proqramı İmişli rayon Uşaq musiqi məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Azərbaycan” mahnısının sədaları altında atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir. Festival Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır, bölgələr arasında mədəni mübadiləni gücləndirir.

Paylaş: