Bz. Dek 15th, 2019

Deputat Fazil Mustafa: “Azərbaycan Avropa İttifaqı ilə bəyanatı imzalamamaqda haqlıdır”

«Mənim bildiyim qədər söhbət tərəflər arasındakı tərəfdaşlıq sazişindən getmirdi. Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə imzalanacaq bəyanatdan gedirdi və Azərbaycan tərəfi bu bəyanatı imzalamadı».

Bunu deputat Fazil Mustafa mayın 14-də Brüsseldə Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Proqramının 10 illiyi ilə bağlı keçirilən konfransında baş verənləri dəyərləndirərkən deyib.

Azərbaycanda bəzi insanlar həmin toplantıda rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında 2017-ci ildən müzakirə edilən tərəfdaşlıq sazişinin imzalanacağına ümid edirdi. Bu gerçəkləşmədi. Üstəlik, verilən məlumata görə, Azərbaycan Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə hazırlanan bəyanatı da ərazi bütövlüyü məsələsinin orada əks olunmadığını əsas sayaraq imzalamaqdan imtina edib.

F.Mustafa hesab edir ki, Azərbaycan həmin sənədi imzalamamaqda haqlı idi. «Əgər bir qurum Ermənistanla Azərbaycan arasında münsiflik edirsə, amma ölkəmizin ərazi bütövlüyünün tanınmasını bir bəyanatda göstərə bilmirsə, həmin qurumla saziş imzalamaq bizə nə verər?», – deputat sual edib.

F.Mustafaya görə, bu məsələdə Azərbaycan prinsipial mövqe ortaya qoyub: «Bu məsələyə indi belə mövqe qoyulmasaydı, hansısa bir mərhələdə işğalın haqlı olmasına zəmin hazırlaya bilərdi. Əgər bir qurum ölkəmizin bütövlüyünü tanımırsa, həmin qurumla hansısa saziş imzalamaq bizə nə verər?».

Paylaş: