Bz. Dek 15th, 2019

Gözdən əlil valideynlərin 5 yaşlı qızı leykozdan əziyyət çəkir – SOS

Qızımın dünən 5 yaşı tamam oldu, amma o, ad gününü yaşıdları kim evdə ailəsi ilə deyil, xəstəxanada keçirdi”.

ONA xəbər verir ki, bu sözləri hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan leykoz xəstəsi Surənin anası Badisəba Məmmədova deyib.

Valideyn Sübhan Məmmədov leykoz xəstəsi olan qızı Surə Məmmədzadəyə ictimai dəstəyin təmin olunması və cəmiyyəti məlumatlandırmaq məqsədilə mətbuat konfransı keçirib: “Mənim övladımın 5 yaşı var. Xəstəliyin ilkin mərhələsində olduğu üçün həkimlər deyir ki, sağalacaq. Professorlar da rəy verib ki, uşağın vəziyyəti yaxşılığa doğru gedir. Bizdə gendə bu xəstəlik yoxdur, amma uşağın bu vəziyyətə düşməyində əsas sosial şərait götürülür. Bizim sosial şəraitimiz isə olduqca pisdir. 2002-ci ildən Nərimanov Rayon İcra Hakimiyyətində ev növbəmiz olsa da, 2015-ci ildə gözdən əlillərə ev paylandı, amma mənim sənədim aşağı qoyuldu. Sonra bizi gətirib bir dama yerləşdirdilər. Bura sex binasıdır, vaxtilə gözdən əlillərin zavodu olub. İndi çox güman ki, orda radiasiya fonu da var. Sex olduğuna görə ekoloji mühit də yaxşı deyil, evdə həddindən artıq rütubətlilik var. Elə fikirləşirəm ki, bir ailə üçün bu faciədir. Çünki mənim xəstə uşağımdan əlavə, iki uşağım da var. Bu mühit onlar üçün də böyük təhlükədir”.

Sübhan Məmmədov deyib ki, gözdən əlil olması faktından heç vaxt sui-istifadə etməyib: “İndiyə qədər özüm çalışmışam, halal zəhmətə üstünlük verib, heç kimdən heç nə istəməmişəm. Doktorant səviyyəsinə qədər gəlib çatmışam, elmi mütəxəssis kimi çalışıram. Bu gün isə haqqımı axtarıram. Məni eşidən insanlara səslənirəm ki, mənə köməklik eləsinlər, bizim haqqımız bərpa olunsun”.

Valideyn qızının müalicəsi üçün aldığı maaşın onu qane etmədiyini deyib: “Yoldaşım da I qrup əlildir, o da işləmir. Vəziyyətimiz elədir ki, dəstəyə ehtiyacımız var”.

S.Məmmədov heç kəsi ittiham etmədiyini də bildirib: “Mənim konkret ittihamım olsaydı, hüquqi müstəvidə həll edərdim. Sadəcə, mən vəziyyəti nəzərə çatdırmaq istəyirəm”.

Sürə Məmmədzadənin anası Badisəba Məmmədova isə deyib ki, Gözdən Əlillər Cəmiyyətindən narazılığını dilə gətirib: “Cəmiyyətdən bizə dedilər ki, ev gözləməyin, ərazi satılıb, orda kompleks tikiləcək. Ora cəmiyyətə məxsus torpaqlar olub, onu bizim sədr başqa şirkətə satıb. Binanın tikilişinə icazə verilsin deyə, belə bizim kimi görməyənləri də aldadıb qol çəkdirib. Dedilər burdan sizə mənzil veriləcək. Amma mən nə qədər gözləyim, uşaqlar xəstə olandan sonra bizə ev lazım deyil. Bu orqanlar işləmirsə, mənim prezidentim var, ailəmiz adından ondan ev istəyirəm. Xəstə uşağı yenidən o evə gətirməkdən qorxuram”.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Sübhan Məmmədovun 2007-ci ildən ev növbəsində olduğunu təsdiqləyib: “O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Komissiya yaradıldı, o komissiya tam şəffaf olub”.

Hazırda ailənin yataqxanada pis şəraitdə yaşamağına isə sədr belə aydınlıq gətirib: “Ailəni biz onların istəyi ilə yataqxanaya yerləşdirmişik. O vaxt Sübhan yataqxanada yaşamırdı. İndi onun üstündən 4 il keçib”.

S.Abdullayev deyib ki, əgər ailə hüquqlarının pozulduğunu düşünürsə, gedib məhkəməyə müraciət etməlidir: “Onun heç bir əsası yoxdur. Əgər varsa, gedib hüquqi formada məhkəməyə verə bilər”.

Sədr görmədikləri üçün qol çəkdikləri barədə ailənin ittihamlarına belə cavab verib: “Bəli, elə o ərazidə tikintilər gedir, mənzil növbəsində olan vətəndaşlara mənzil veriləcək. Onların ailəsi də bizə məlumdur. İndi də Keşlə qəsəbəsində qeyri-yaşayış sahəsində yaşadıqlarını bilirik, növbəti mənzillərin verilməsi zamanı onlar mənzillə təmin olunacaqlar. Onun nigarançılığa heç bir əsas yoxdur. Mənzillərin isə növbəti ildə təhvil verilməsi gözlənilir”.

Surəyə dəstək olmaq istəyənlər üçün isə aşağıdakıları xatırladırıq:

“Bank of Baku” və “MilliON” ödəmə terminallarından, habelə www.e-pul.azwww.ode.az, www.milion.az kimi online-ödəmə portallarından köçürmə mümkündür.

Bunun üçün müştəri kodu: 414822, təvəllüd: 11.11.1981 və hesaba mədaxil bölümünü ardıcıl etmək lazımdır.

Bundan başqa, kartdan karta ödəniş də mümkündür.

Yalnız bu hesabı seçin:

Kart nömrəsi: 5315992143854666.

Kartın bitiş tarixi: 04-22.

Paylaş: