Bz. Avq 25th, 2019

İran ABŞ-ın zərbələrinə tab gətirə bilərmi? – Mümkün hərbi müdaxilə ssenariləri

İran və ABŞ qarşıdurması son zamanlar ən yüksək nöqtəyə çatıb və tamamilə mümkündür ki, Vaşinqton İran probleminin hərbi həllinə qərar verər. Bununla yanaşı, indiki mərhələdə ABŞ kimi rəqibə qarşı durmaqdan ötrü Tehranın hərbi-texniki gücü açıqca yetərli deyil.

Tehran və Vaşinqton arasında qarşılıqlı münasibətlərin növbəti və sərt kəskinləşməsilə bağlı ABŞ tərəfdən İrana raket-aviasiya zərbələrini çıxdaş etmək lazım deyil, çünki, görünür, Ağ Evin Tehrana qalan bütün təsir tədbirləri tükənib və meydana çıxan Amerika-İran ziddiyyətlərini həll etməkdə Vaşinqtonun savaşdan savayı başqa variantı qalmayıb. Bununla bərabər, Birləşmiş Ştatlar qoşunları (gücləri) hərbi əməliyyatlar teatrında düzməyə, yəni  gərəkli qruplaşmaları yaratmağa və onların uyğun əməliyyat quruluşuna hələlik başlamayıb da. İrana səmərəli zərbə üçün Pentaqonun bölgədə olan güc və vasitələri isə hələlik açıqca bəs etmir. Buna görə də Vaşinqton və Tehran arasında qarşıdakı hərbi əməliyyatlar barədə hələlik yalnız fərziyyə yürütmək olar.

ABŞ-ın mümkün əməliyyatları

Donald Tramp administrasiyası Yaxın və Orta Şərqdə bölgə təhlükəsizliyi və sabitliyinə əsas təhlükəni İranda görür. ABŞ-ın bu partlayış təhlükəli bölgədəki müttəfiqləri – İsrail və Səudiyyə Ərəbistanı İranı baş düşmən sayırlar. Nəhayət, Vaşinqton, Təl-Əviv və ər-Riyad İranı nüvə silahı hazırlamaqda şübhəli bilir. Buna görə də ABŞ və müttəfiqlərinin əsas hərbi-texniki hədəfi İranın Yaxın və Orta Şərqdəki rolunu kəskin zəiflətmək, bölgə lideri kimi siyasi səhnədən uzaqlaşdırmaq və Tehranı nüvə silahına yiyələnməkdə hətta fərziyyəvi imkandan məhrum etməkdir.

Bu məqsədə sıradakı vəzifələri çözməklə yetmək olar – İslam Respublikasının dövlət və hərbi idarəçiliyini pozmaq, hərbi və iqtisadi potensialını dağıtmaq (birinci növbədə ölkənin atom sənayesi müəssisələrini məhv etmək), hərbi-hava gücləri, raket qoşunları, hərbi-dəniz qruplaşmaları və quru qoşunlarını məğlub etmək.

Bəllidir, bu halda ABŞ SQ-nin İslam Respublikasının atom sənayesi obyektlərinə təkcə nöqtə zərbələrilə ötüşmək olmaz, çünki İranın ABŞ-ın bölgə müttəfiqlərinə, Fars körfəzi mionarxiya dövlətlərinin neft və qaz anbarlarına qarşı cavab əməliyyatları, Hörmüz boğazının mümkün bağlanma ehtimalı böyükdür.

Birləşmiş Ştatlar buna görə də İranı boğmaq üçün özünün hərbi-hava və hərbi-dəniz güclərinin xeyli hissəsini cəlb etməklə praktik olaraq tammiqyaslı strateji hava-kosmik əməliyyatı keçirməli olacaq. Güman etməyə hər cür əsas var ki, bu, formaca ən sürətli kürəsəl zərbələrdən biri olacaq, amma yalnız Yaxın və Orta Şərq bölgəsi çərçivəsində.

ABŞ silahlı qüvvələri bu zaman İranın quruda, dənizdə və havada  aviasiya, donanma və raket qoşunlarını məhv etməli, rezervləri, düşmənin mümkün hava və dəniz desantını vurmalı, habelə öz qoşunlarını İslam Respublikasının hava hücumu və hava kəşfiyyatından qorumalı olacaq.

Şübhə yoxdur ki, ən birinci raket-aviasiya zərbəsində böyük sayda yüksəkdəqiqlikli döyüş sursatı, özəlliklə GBU-43/B Massive Ordnance Air Blast tipli “bütün bombaların anası” daxil olmaqla bunkerə qarşı bombalar işə salınacaq.

Amerikanın hipotetik rəqibinin yerin lap dərinliyində səngərləndiyi nəzərə alınsa isə, istisna etmək olmaz ki, ABŞ qarşıdakı münaqişədə öz vəzifələrini həm adi, həm də Pentaqonun son illərdə yüksəkdəqiqlikli silah özəlliyi verdiyi nüvə atəş vasitələri işlətməklə həll edəcək. Məsələn, ABŞ HHQ İranda B61-12 tipli sərbəst düşən aviasiya bombaları ilə İranın nüvə obyektlərinə tam zərbə endirə bilər. Bu zaman nüvə atəşi vasitələri ABŞ HHQ-nin imkanlarını kəskin artırır və eyni zamanda düşmənin bütün qruplaşması və infrastrukturunu vurmaq imkanı verərək yalnız adi atəş vasitələrinin tətbiqiylə hava əməliyyatlarında aviasiyaya məxsus bütün vəzifələri həll edir.

Son dərəcə qısa deyilsə, ABŞ silahlı güclərinin bu münaqişədə birnömrəli vəzifəsinı sıradakı kimi formulə etmək olar – qəfil və son dərəcə güclü ilk aviasiya-raket zərbəsi nəticəsində ən qısa müddətdə İranın raket potensialı və gücünü məhv etmək, İslam Respublikası HHQ və HDQ-nin döyüş imkanlarını kəskin zəiflətmək, sonra isə Tehranın hərbi-iqtisadi potensialının planlı məhvinə keçmək.

ABŞ SQ-nin böyük quru birləşmələrinin İran ərazisinə soxulmasını gözləmək lazım gəlmir. ABŞ öz hərbi-siyasi məqsədlərinə yalnız hərbi-hava, hərbi-dəniz gücləri və kosmik qoşunların əməliyyatları ilə yetməyə çalışacaq. Pentaqon İran torpağında ümumqoşun əməliyyatları keçirəcəyi halda özünün əsas imtiyazını – texnoloji üstünlüyü xeyli dərəcədə itirir.

Nəticə necə olacaq?

ABŞ-ın İrana qarşı gözlənilən hava kampaniyası halında təyyarələrin say və növlərini saymağa, dəniz və hava bazalı qanadlı raketlərin TTX-ni (taktiki-texniki xarakteristika-tərc.) səsləndirməyə, aviasiya zərbələrinin cürbəcür vasitələrini, İran HHM vasitələrinin səciyyələrini sadalamağa, güc və vasitələr nisbətini incələməyə, hərbi münaqişənin başlanğıcı və inkişafı haqda proqnozlar verməyə özəl ehtiyac yoxdur. Başlıcası bu deyil.

Tehran rejiminin potensial Amerika təcavüzkarına güclü dirəniş göstərəcəyini güman etmək xeyli dərəcədə şişirtmədir. İran silahlı gücləri və İslam İnqilabı Keşikçiləri Korpusu birləşmiş Amerika və İsrail hərbi gücüylə yetərincə qısa müddətdə darmadağın ediləcək. Hər şeydən göründüyü üzrə, İran tərəfdən mümkün hərbi cavab cüzi görünür. Və bu, sıradakı səbəblərdən baş verəcək.

ABŞ-ın radioelektron mübarizə vasitələrində istənilən rəqib üzərində böyük üstünlüyü var. Həm texnoloji baxımdan (burada fərq, sadəcə, nəhəngdir), həm də mümkün say xarakteristikalarında. İİR silahlı güclərinin bütün radiolokasiya və radiotexniki vasitələri münaqişə başlanan andan, sadəcə, “kor ediləcək”. Maneələr elə bir güc, elə bir tezlik və elə bir rəngarəngliklə qoyulacaq ki, münaqişənin ilk saniyəsindən İran silahlı qüvvələrini yönəltmə sisteminin işləkliyi əsla mümkün olmayacaq. HHQ komandanlığı qırıcı və bombardmançı aviasiyanı hədəflərə tuşlamaq imkanından məhrum olacaq.

Daha bir prinsipial məqamı qeyd etmək gərəkdir.

ABŞ İranın zərbə vasitələrinin çoxunun yetişə bilməyəcəyi hüdud və bölgələrdən zərbələr endirəcək. Bununla bağlı Pentaqonun baş vəzifəsi kampaniyanın lap ilk dəqiqəsindən təchizatda mühüm uçuş mənzilli  ballistik raketlərə malik olan İranın raket qoşunu birləşmələri və hissələrini zərərsizləşdirməkdir. İran raketləri nüvə döyüş hissələrinə malik olsaydı, çox effektli ola bilərdi. Lakin bir neçə yüz kiloqramlıq, bir də mühüm qüsurları olan adi döyüş başlıqları ABŞ SQ və müttəfiqləri üçün ciddi təhlükə təşkil etməyəcək.

Tehran komanda məntəqələri, rabitə qovşaqları, aerodrom, aviadaşıyıcı və gəmi zərbə qruplarına gecə-gündüz atəş təsiri vəzifəsini həll etməyə nail olsaydı, İran və ABŞ arasında silahlı münaqişənin nəticəsi daha çox suallar doğurardı.

Lakin bəlli olduğu qədər, İran güclü radiomüqaviməti şəraitində işləməyə qabil yetərli sayda adi təchizatlı, yüksəkdəqiqlikli, uzaqmənzilli atəş vasitələrinə malik deyil. Buna görə də ABŞ və İran arasında bərabərdəyərli silahlı mübarizə olmayacaq.

Gazeta.ru, tərcümə Strateq.az-ındır.  

Paylaş: