Şb. Sen 21st, 2019

Avropanın imtina etdiyi İŞİD məhbusları problemə çevrilib – İraqdan Brüsselə təklif

2014-cü ilin may-iyun aylarından etibarən səhnəyə çıxarılan İŞİD terror təşkilatı, başda Türkiyə olmaqla, Avropa və Afrika ölkələrinin başını ağrıdır. Elə görünür ki, hələ baş ağrıtmağa da davam edəcək.

ABŞ Prezidenti Donald Trampın “İŞİD bitdi!” nidalarını səsləndirməsindən sonra təşkilatın dünyada nəzarət altında saxladığı hər hansı bir bölgə qalmazkən, İŞİD gizli fəaliyyətə keçdi. Daha öncə 7 dəfə öldüyü və ağır yaralandığı iddia edilən təşkilat lideri Əbu Bəkir əl-Bağdadi isə gizli fəaliyyətə keçən tərəfdarlarına sosial media hesabları vasitəsilə mesaj verməyə davam edir.

Ancaq bütün bunlardan daha kritik önəmə sahib olan və həll edilməməsi daha böyük dərdlər yarada biləcək başqa bir problem var: yaralı və sağ ələ keçirilən xarici terrorçular məsələsi həll edilməmiş olaraq qalmaqdadır. Avropa isə Bağdad hakimiyyəti və terror təşkilatı PYD ilə apardığı bazarlığı davam etdirir. İndi İraqda siyasi pərdə arxasında müzakirə edilən xarici döyüşçülərin durumu ilə bağlı məsələ prosesin qeyri-müəyyənliyini ortaya qoyur.

Bildiyiniz kimi, AB ölkələri İraq və Suriyada həbsdə olan İŞİD-ə qatılmış vətəndaşlarını geri almaq, istintaq prosesini öz ölkələrində tamamlamaq istəmir. Ötən aylarda Tramp da Twitterdə belə bir mesaj paylaşmışdı: “İngiltərə, Fransa, Almaniya və digər avropalı müttəfiqlərimizdən Suriyada ələ keçirdiyimiz təqribən 800 İŞİD döyüşçüsünü təslim alaraq mühakimə etməsini istəyirik. İŞİD çökmək üzrədir. Xoş olmayan digər alternativ isə onları sərbəst buraxmaq məcburiyyətində qalmaqdır.”

Xatırladaq ki, İraqda ələ keçirilən terrorçular hökumətin nəzarətində olan həbsxanalarda saxlandığı halda, Suriyada həbsdə olan İŞİD döyüşçüləri YPG/PYD-nin əlindədir.

İndi İraqda 250 min m2 böyüklüyündə, ətrafı tikanlı məftillə sarılmış və müşahidə qüllələri olan, təhlükəsizlik səviyyəsi yüksək bir həbsxana düşünün. Hətta düşünməyin, İraqın belə bir həll planı hazırladığını söyləyək, siz də bilin. Bağdad hakimiyyəti belə bir həbsxana tikdikdən sonra Avropanın qəbul etmək istəmədiyi mühacir döyüşçüləri burada saxlamaq istəyir.

İraq gələn həftədən etibarən AB ölkələrinə öz terrorçuları ilə əlaqədar bir təklif verməyə hazırlaşır. Hətta Almaniya ilə ilk görüşü keçirib.

Təklifin qısa mahiyyəti budur: “Siz avropalılar Suriyada ələ keçirilən, öz vətəndaşınız olan İŞİD döyüşçülərini geri almaq istəmirsiniz, “Həll yolu axtarırıq” bəhanəsilə bizə “Hələlik saxlayın” deyirsiniz. O halda biz bu durumu qəbul edirik. Onlar üçün xüsusi bir həbsxana inşa edəcəyik və xərcini siz çəkəcəksiniz”.

Yalnız xarici döyüşçülərin saxlanması üçün xüsusi olaraq inşa edilməsi planlaşdırılan bu həbsxanada saxlanılacaq hər bir terrorçuya görə Bağdadın 10 milyon dollar tələb edəcəyi iddia edilir. Bununla birlikdə, Bağdad İŞİD döyüşçüləri mühakimə edilərkən Avropa ölkələrinin bu işlərə müdaxilə etməməsini istəyir. Avropalıların bu məhkəmə işlərinə müdaxilə etməsi hallarında, əldə edilən anlaşmanın anında ləğv ediləcəyini və həmin döyüşçülərin ölkədən çıxarılacağını söyləyir. Bax, İraqın əlində olan və Avropanı qorxuya salan kozır budur. Bağdad “Terrorçularınızı geri yollayarıq!” deyir.

Bu təklifə qarşılıq olaraq, Avropa ölkələri də Bağdad hakimiyyəti ilə danışıqlarda əllərinin güclü olduğunu göstərmək üçün terror təşkilatı PKK-nın Suriya qolu olan PYD ilə görüşlər keçirirlər. İlk görüşün Almaniya ilə keçirildiyi bildirilir.

İddia edilir ki, Bağdadın əksinə, PYD Avropa təmsilçiliyi vasitəsilə Almaniya hökumətinə daha məqbul bir təklif verib. Siyasi qaynaqlarımdan aldığım məlumata görə, 17 apreldə PYD-nin həmsədri Ayşə Hesonun rəhbərliyində bir nümayəndə heyəti artıq Berlində bazarlıq üçün masaya oturub belə.

Heso, sözügedən hərbi cinayətkarların, – BMT ilə əməkdaşlıq edilərək, – qurumun Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməsini təklif edib. Bu da onların ölüm cəzası alması riskini ortadan qaldırar, dustaqların daha yaxşı şəraitdə saxlanmasını təmin edər. Əlbəttə, qiymətlə bağlı PYD-nin də təklifi var. PYD hər bir İŞİD döyüşçüsü üçün 4 milyon dollar tələb edir və “istəyirsinizsə, İraqdakı məhbusları da gətirin” deyir. “Pulunu verdiyiniz müddətcə, onlara da baxarıq” deyirlər.

PYD hələlik yalnız Almaniya ilə bazarlıq masasına oturub. Lakin məqsədi bəllidir. BMT ilə belə bir anlaşma əldə edərək, həm pul, həm legitimlik, həm də status qazanmaq istəyir. PYD-nin yaxın dövrdə digər Avropa ölkələrini də ziyarət etməsi planlaşdırılır. İraq da Almaniya ilə keçirdiyi ilk görüşünü tamamladı. İndi sırada digər Avropa ölkələri var.

Bu təklif almanlara daxili siyasətdə yumşaq keçidlər baxımından nə qədər məqbul görünsə də, bir əngəl vardır. PYD və YPG nə Almaniya federal hökuməti, nə də BMT tərəfindən bir dövlət olaraq qəbul edilmir. Almaniya XİN-in vəzifəli şəxslərilə keçirdiyim görüşdə onlar “Muxtar kürd administrasiyası adlandırılan qurumla heç bir rəsmi əlaqədən söhbət getmir” deyirlər.

Almaniya ilə əldə ediləcək anlaşma, bir növ, model, yol xəritəsi xarakteri daşıyacaq. Ancaq Berlin Türkiyə hökumətinə hörmət göstərməyə məcburdur. Bu səbəblə, Berlinin PYD ilə BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinə yönəlik bir anlaşma əldə etməsi gözlənilən bir durum deyil. Belə bir anlaşma əldə ediləcəksə, bu, yalnız İraqla mümkündür.

Çetiner Çetin

“Habertürk”, tərcümə Strateq.az-ındır.

Paylaş: