Bz. Noy 17th, 2019

Deputat Pərvin Kərimzadə: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir”

“Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir”.

Bunu Modern.az-a açıqlamasında deputat Pərvin Kərimzadə deyib. O bildirib ki, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur.

“Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Azərbaycan daim ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin Belçikaya etdiyi işgüzar səfəri də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Bir daha təsdiq olundu ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirməsi bunu bir daha təsdiq edir”.

Onun sözlərinə görə, təcrübə göstərir ki, müstəqil ölkəmizin ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir.

“Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir.

Tarixə nəzər salsaq, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərin TASIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdiyini görərik. 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi isə Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir.

Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirib.

Brüsseldə Prezident İlham Əliyevin Donald Tuskla görüşündə Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində fəal əməkdaşlığa da toxunulub, ölkəmizin istər Şərq Tərəfdaşlığı çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub. Həmçinin ölkə Başçısı İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini diqqətə çatdırıb.

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində iştirak edən Prezident İlham Əliyev Azərbaycanın dünyanı, xüsusən də Aİ-ni düşündürən ən vacib məsələyə enerji təhlükəsizliyinə töhfə verdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunduğunu diqqətə çatdırıb.

Təkcə onu xatırlatmaq yetər ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə Avropa İttifaqı ilk gündən dəstək verib, Azərbaycanla strateji tərəfdaşlığı, ticarət əlaqələrini davam etdirməyə maraqlıdır. Bu mənada, Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”-deyə P. Kərimzadə əlavə edib.

Paylaş: