C. Sen 20th, 2019

Avropa ittifaqı bizi necə “müttəfiq” görmək istəyir?

Bəxtiyar Səlimov 

Azərbaycan müstəqilliyinin bərpasından ötən müddət ərzində dünyanın əksər dövlətlərinin əməkdaşlıq qurmağa və qarşılıqlı əlaqələri genişləndirməyə ciddi səy göstərdikləri bir ölkəyə çevrilib. Beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı işbirliyinə üstünlük verən ölkəmiz yerləşdiyi mürəkkəb və həssas regionun geosiyasi reallıqlarını düzgün qiymətləndirərək, özünün xarici siyasətində balanslı xətt tutmaqdadır. Qlobal və regional inteqartiv proseslərə açıq olan Azərbaycan iki və çoxtərəfli əməkdaşlıq formatlarında uğurla təmsil olunur.

   Bu siyasət çərçivəsində Avropa İttifaqı ilə də bərabər səviyyəli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirakı xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, postsovet məkanının altı dövlətini – Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistan – əhatə edən “Şərq tərəfdaşlığı” proqramının əsas məqsədi bu ölkələrin Avropa ilə inteqrasiyasına dəstək verməkdir.

   Lakin sözügedən proqramın 10 illiyi münasibətilə həftənin ilk günü Brüsseldə təşkil olunan yubiley toplantısı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” iştirakçılarına münasibətdə fərqli standartlarla yanaşdığını bir daha təsdiqlədi. Bu toplantıya qədər Ukrayna və Gürcüstanla assosiativ sazişlər imzalayaraq, o sənədlərdə adları çəkilən ölkələrin ərazi bütövlüyünü dəstəklədiyni bəyan edən Avropa İttifaqı rəsmiləri Azərbaycana yanaşmada əks mövqe tutmaqdan çəkinmədilər. Bunun nəticəsində Azərbaycan “Şərq tərəfdaşlığı” sammitinin yubiley Bəyannaməsinə veto qoydu. Ərazi bütövlüyü pozulmuş digər iştirakçı dövlətlərin də bu addımı dəstəkləmələri səbəbindən yubiley Bəyannaməsinin altında yalnız Avropa İttifaqı təmsilçisinin imzası qoyuldu.

   Çox təəssüf ki, Qərb strukturlarının Azərbaycana yönəlik qəbuledilməz siyasəti Brüsseldə növbəti dəfə özünü qabarıq göstərdi. Avropa İttifaqının Ukrayna ilə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Azərbaycana fərqli münasibəti, yumşaq desək, başadüşülən deyil. Axı beynəlxalq havadarlarının hərtərəfli dəstək verdikləri Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin iyirmi faizi işğal olunan Azərbaycan üçün ərazü bütövlüyünün bərpasından da vacib hansı məsələ ola bilər?

Bu baxımdan, Azərbaycanın içtirakçısı olduğu beynəlxalq formatlarda ərazi bütövlüyü məsələsini hər zaman önə çəkməsi ən təbii haldır. Əslində isə ölkəmizə qarşı bu yanaşmanın səbəbi tamamilə aydındır. Qərbin aparıcı dövlətləri müstəqillik tarixi elə də böyük olmayan ölkələrin timsalında bərabərhüquqlu tərəfdaş deyil, onların iradələrini qeyd-şərtsiz icra edən “müttəfiq” görmək istəyirlər. Əlbəttə ki, Azərbaycan özünə qarşı belə bir münasibəti qəbul edə bilməz. Qərb dövlətləri nəhayət anlamalıdırlar ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq, ərazi bütövlüyünün bərpası üçün qətiyyətli və ardıcıl siyasət yürüdəcək.

Paylaş: