C. Sen 20th, 2019

İran niyə ABŞ üçün bu qədər VACİBDİR? – Gizli detallar

Hazırda ABŞ və İranın Yaxın Şərq regionunda nüfuz mübarizəsinin növbəti pilləsi yaşanır.

Turkustan.info bildirir ki, beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında ABŞ-ın İran məsələsində mövqeyinin gizli səbəblərinə aydınlıq gətirib. Ekspert hesab edir ki, ABŞ üçün Yaxın Şərq regionu və bu regiona nəzarət  məqsədi ilə qurduğu siyasət strateji və həyati əhəmiyyətlidir:

“Ümumiyyətlə, bu prosesləri ABŞ-ın Rusiya və İran arasında qlobal səviyyədə qarşıdurmasının növbəti raundu da adlandıra bilərik. Beynəlxalq güclər Yaxın Şərqdə söz sahibi olmaq üçün mübarizə aparır. Yaxın Şərq geosiyasi, iqtisadi və hərb-strateji əhəmiyyətə malik bir regiondur. Bu region unikal mineral ehtiyatların, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşir. Yaxın Şərq regionundan dünya iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçir. Yaxın Şərqdə  həmçinin dünyada sülhə və təhlükəsizliyə hədə yaradan siyasi və dini ekstremizmin, çoxlu sayda terror təşkilatı fəaliyyət göstərir və oradan da dünyaya yayılır”.

Y.Hacıyeva vurğulayıb ki, Yaxın Şərq regionu və bu regionda baş verənlər ABŞ üçün iki istiqamətdə əhəmiyyət kəsb edir:

“ABŞ Yaxın Şərq regionuna yönəlik siyasətini iki aspektdən – daxili və xarici aspektdən formalaşdırır. ABŞ-ın Yaxın Şərq siyasəti iqtisadi və təhlükəsizlik-milli və qlobal maraqları üzərindən qurulub. Yaxın Şərq ABŞ üçün həm də milli təhlükəsizliyinə təhlükə yaradan terror qruplarının fəaliyyət göstərdiyi bir mərkəz kimi görülür. Eyni zamanda, bu bölgə ABŞ üçün NATO-ya bitişik, alyans üzvlərinin asılı olduğu enerji resurslarının ən vacib mənbəyi olan, mühüm coğrafi-strateji qeyri-Avropa regionudur. ABŞ-ın Yaxın Şərqdəki  xarici siyasətinin  mühüm elementi Amerikanın əsas strateji tərəfdaşı və müttəfiqi-İsrail dövləti və onun təhlükəsizliyidir. Məhz bu məqam ABŞ-ın daxili siyasətinə təsir edən, daxildə siyasi institutları hərəkətə gətirə bilən bir məqamdır”.

Ekspert istisna etmir ki, Yaxın Şərq regionunda ABŞ-dan qat-qat güclü, regionda siyasi və təhlükəsizlik dayaqlarına malik, görünən və görünməyən kənar güclər mövcuddur:

“Orada siyasi və təhlükəsizlik dayaqlarına malik görünən güc Rusiyanın, hibrid iqtisadi və maliyyə siyasəti ilə Çinin mövcudluğu var. ABŞ Yaxın Şərqdə bu iki güc arasında qlobal iqtisadi və qlobal təhlükəsizlik sahəsində öz balansını qoruyur”.

Ekspert qeyd edib ki, ABŞ üçün belə bir strateji regionda siyasətini yürüdülməsində əsas maneə əlbəttə İran dövlətidir:

“İran regionda söz sahibidir. Bu dövlətin öz daxili siyasəti üçün cəmiyyəti birləşdirən ideologiyasının ana xəttini dinlə bərabər, həm də ABŞ-a nifrət təşkil edir. Belə ki, İran öz doktrinasında ABŞ-ı öz  milli maraqlarına təhlükə hesab edir. Bütün bunlar İranın xarici siyasətinin bir hissəsini və dövlət olaraq təhlükəsizliyinin nüvəsini təşkil edir”.

 

Paylaş: