Be. Sen 16th, 2019

Əraziləri Azərbaycana qaytarmağa…. – Qarabağa sıçrayan savaşın SİRLƏRİ AÇILIR

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın şərti azadlığa buraxılması ölkədə xaos yaradıb. Baş nazir Nikol Paşinyan xalqı küçələrə çıxmağa səsləyib və məhkəmə binalarının bloklanmasını istəyib. Baş nazir bununla 2018-ci ildə baş qaldıran inqilabın ikinci mərhələsinin başlanmasını elan edib. O bildirib ki, məhkəmə strukturunda yeni islahatlar aparılacaq. Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlanıb.

Paşinyanın bu addımı ölkədə “kimin hakim” olduğunu göstərmək gedişi olaraq qiymətləndirilir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən sabiq diplomat, siyasi şərhçi Fikrət Sadıxov bildirib ki, bu, Paşinyanın növbəti uğursuz cəhdlərindən biridir:

“Nikol Paşinyan daha əvvəl də Ermənistanda iqtisadi inqilab etmək fikrindəydi. Amma bilinmir nəyin hesabına. Əgər bir ölkə blokada şəraitində yaşayırsa, 5 sərhəd dövlətindən 1-i ilə açıq sərhədi varsa, o necə inkişaf edə bilər? Eləcə də hüquq sahəsində aparılacaq islahatlar. Hiss olunur ki, Nikol Paşinyana qarşı müqavimət var. Təkcə keçmiş hakimiyyət tərəfindən deyil, hüquq-mühafizə orqanları da, məhkəmələr də Paşinyana qarşı mövqedə dayanıblar. Bunun nəticəsidir ki, Robert Koçaryan nisbi də olsa, azadlıqdadır. Bu, özü-özlüyündə o deməkdir ki, Paşinyana qarşı müəyyən qüvvələr tərəfindən müqavimət göstərilir. Demək olmaz ki, bu etirazlar yaxın müddətdə Paşinyanın hakimiyyətdən getməsinə səbəb ola bilər. Lakin reallıq odur ki, baş nazirin zəifləmə mərhələsi artıq başlayıb. Onun hakimiyyətdən getməsi prosesinin bəlkə də ilkin addımlarıdır. Əgər əlləri qana bulanmış insanı açıq şəkildə məhkəmə zalından azadlığa buraxırlarsa, deməli, onlara xaricdən dəstək də var. Bu həqiqətdir. Paşinyan da bunu gözəl başa düşür. Ona görə də inqilabın yeni mərhələsindən söhbət açır. Düşünürəm ki, Ermənistanda daxili siyasət müəyyən dərəcədə mürəkkəbləşə bilər”.

Fikrət Sadıxov Ermənistanın baş nazirinin “Ermənistan və Qarabağ xalqları (Azərbaycan torpaqlarına yerləşdirilmiş ermənilər – red.) arasında ziddiyyətlər yaratmaq istəyən qüvvələr var. Onlar korrupsiyalaşmış sistemin təmsilçiləridir. Bu qüvvələr hərbi təxribatlar törədərək, əraziləri Azərbaycana qaytarmağa və bunun məsuliyyətini Ermənistan hakimiyyətinin üzərinə atmağa çalışırlar” açıqlamasına da aydınlıq gətirib. Politoloq bunu Paşinyanın növbəti cəfəng bəyanatı kimi şərh edib:

“Azərbaycanın işğal olunmuş torpaqlarını heç kim hədiyyə formasında geri qaytarmayacaq. Bunu yalnız Azərbaycan öz gücü hesabına geri alacaq. Əgər bunu Paşinyan ritorika naminə deyirsə, bu başqa məsələdir. Görünür, Paşinyanın müxtəlif ziddiyyətli bəyanatlarının yeni mərhələsi başlanıb. Dağlıq Qarabağ separatçıları Azərbaycan torpaqlarını asanlıqla azad etmək qüvvəsinə malik deyillər. Çünki torpaqları onlar işğal etməyib. Torpaqlar Ermənistan tərəfindən işğal olunub. Bunu həmişə demişik və beynəlxalq təşkilatlar da bunu belə bilir. Kimdir separatçı rejim? Onların nizamlı ordusumu var? Onların belə gücü varmı ki bizim torpaqlarımızda hərbi əməliyyatlar aparsınlar və yaxud geri qaytarsınlar. Bu cəfəngiyyatdır. Torpaqlara nəzarət edən Ermənistandır və onun arxasında müəyyən qüvvələr var ki, bunun da kimliyindən agahıq”.

Paylaş: