Bz. Noy 17th, 2019

Fuad Abbasov niyə qandallandı? – Sensasion DETALLAR – Ermənilərlə işbirliyinə gedən diaspor rəhbəri

Son günlər Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun ətrafinda baş verənlər yerli mətbuatın və sosial şəbəkələrin əsas mövzularından birinə cevrilib.

Məsələ ondadır ki, Rusiyada azərbaycanyönlü fəaliyyətləri sayəsində sosial şəbəkələrin Azərbaycan seqmentində rəğbət qazanmış Fuad Abbasov hazırda deportasiya edilmək üçün Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Rəsmi versiya belədir: jurnalist Moskvanın Azərbaycan icmasının nümayəndələrinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə deportasiya ediləcək. Belə ki, Rusiyada bir neçə Azərbaycan icması Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Rusiya Federasiyası ərazisinə xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin girişinə qadağa” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də başa çatıb, 18-də isə hüquq-mühafizə orqanları tərəfindən Abbasov saxlanılıb. Hazırda jurnalistin Azərbaycana deportasiya proseduru aparılır.

Abbasov Rusiyada nə ilə məşğul olurdu? O kimə mane ola bilərdi?

Məsələnin bütün mahiyyətini anlamaq üçün bu mövzunu Fuadın Moskvada məhz türk kanalllarından birində peşəkar karyerasına başladığı dövrdən etibarən araşdırmaq lazımdır.

O, demək olar ki, Rusiyanın dövlət telekanallarında yayımlanan bizim regionumuza aid bütün verilişlərə dəvət olunurdu. O, bu verilişlərdə siyasi şərhçi kimi çıxış edirdi. İlk vaxtlarda onu proqramlarda türk jurnalisti kimi təqdim edirdilər. İnternetdə Abbasovun Azərbaycan əleyhinə çıxışlar edən müxtəlif ölkələrdən, o cümlədən Ermənistandan olan politoloqların əhatəsində ölkəmizin maraqlarını müdafiə etməsinə dair kifayət qədər videolar var. O, hətta Rusiya Prezidenti Vladimir Putinlə də görüşür və ona hədiyyə olunmuş “Niva” avtomobilini idarə edir. Abbasov həmçinin Azərbaycanın Rusiyadakı səfirliyi və şəxsən səfir Polad Bülbüloğlu ilə də müsbət əlaqələr qurmağa nail olur.

Nə gizlədək, Rusiyada demək olar ki, bütün mətbuat orqanlarının ermənilərin əlində olduğu bir dövrdə Abbasov ekspert qismində Azərbaycan xalqının milli-mədəni maraqlarını qoruyan yeganə şəxs kimi tanınırdı.

Məhz bu yolla Fuad populyarlıq və Azərbaycan xalqının rəğbətini qazanmağa nail olub. Sonraqdan Abbasov öz istəyi və ya türk tərəfinin qərarı ilə “Anadolu” və “İxlas” agentlikləri ilə əməkdaşlığına son qoydu.

Son illər Fuad müstəqil jurnalist kimi çıxış edir. Artıq siyasi tok-şoularda gec-gec görünür, göründükdə isə titrlərdə İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri kimi təqdim edilir.

İndi Fuadı yalnız sosial şəbəkələrdə, əsasən də MİSRA adlı layihəni həyata keçirdiyi Yutubda görmək olar. O, əsasən Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdıqları problemlərlə məşğul olur. Abbasov Moskvanın mərkəzində yerləşən Azərbaycan məscidinin bağlanması zamanı ortaya qoyduğu mövqe, antiermənistan təbliğatı aparması ilə yadda qalır. Məhz bu dövrdə onunla Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri arasında ilk konfliktlər başlayır.

Moskva. Nar bayramı. Oktyabr, 2018-ci il.

Mətbuatda materiallar dərc olunur: “Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimov Azərbaycana qarşı təxribat törədib”.

Məsələ burasındadır ki, həmin gün Abbasov Kərimovun təşkil etdiyi tədbirdə azərbaycanlıların narazılıqlarını lentə alır. Videoda göründüyü kimi, Nar bayramına həsr olunmuş tədbirdə erməni eksponatları təqdim olunur. Abbasov məsələ ilə bağlı Kərimovdan izahat tələb edir. Aydın olur ki, Kərimov bu tədbiri ermənilərlə birgə təşkil edib. Bu zaman Kərimov tədbirin keçirildiyi məkana hüquq-mühafizə orqanlarını çağıraraq narazı azərbaycanlıların həbsini tələb edir.

Baş vermiş insidentdən sonra Abbasov Kərimov və onun yaxın ətrafına qarşı öz kampaniyasını başladır. Cavab olaraq Kərimov da öz növbəsində antifuad kampaniyasının icrasına başlayır.

Mətbuatda vaxtaşırı ya Kərimovun ermənilərə olan sevgisi, ya da Fuad Abbasovun əleyhinə materiallar işıq üzü görür. Rusiya Federasiyası regionlarındakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Abbasovun fəaliyyəti ilə bağlı birgə müraciət yayımlayır. Onu pul naminə “saxta vətənpərvərlik”də ittiham edirlər.

Qeyd etmək lazımdır ki, bu dövrdə azərbaycanlıların böyük əksəriyyəti məhz Abbasovu dəstəkləyir.

O, həmçinin Moskvadakı restoranların birində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident zamanı da nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə həmyerlilərimizin etimadını doğruldur. Qeyd edək ki, həmin vaxt məsələ az qala millətlərarası münaqişə səviyyəsinə qalxırdı. Azərbaycan və çeçen xalqları arasında dostluq körpülərinin bərpa olunmasında Abbasov bilavasitə rol oynayır. O, hətta bu qarşıdurmaların arxasında ermənilərin dayandığını da sübut etməyə nail olur.

Abbasovun son təşəbbüsü – Rusiyadakı Azərbaycan diasporu rəhbərliyinə namizədlərin internet səsverməsini təşkil etməsi bütövlüklə Fuad Abbasov əleyhinə köklənmiş qüvvələri “qətiyyətli addımlar” atmağa məcbur etdi.

İlk zərbə – mətbuatda Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi, Moskvadakı mənzilində axtarış aparılması və külli miqdarda vəsait tapılması barədə informasiya yayılır. Bu zaman Bakıda olan Abbasov saytımıza eksklüziv müsahibə verərək, yayılan şayiələri təkzib edir və bir neçə gün sonra Rusiya paytaxtına yollanmaqla deportasiya xəbərinin də yalan olmasını sübut edir.

O, Rusiyada həmyerlilərimizlə görüşlər təşkil edir, canlı yayımlara çıxır və nəhayət öz internet portalında səsverməyə start verir. Bu zaman mətbuatda növbəti informasiya yayılır: “Fuad Abbasov həbs edilib”. Ancaq bu dəfə, əvvəlki xəbərlərdən fərqli olaraq, Abbasovun qolları qandallanmış, bükülmüş formada maşına aparılmasını əks etdirən video da yayılır.

P.S. “Xüsusi təhlükəli cinayətkar” zərərsizləşdirildi və Azərbaycana deportasiya olunacağı günü gözləyir. Bu mübarizədə kim qalib gəldi? Azərbaycanlıların azərbaycanlılarla mübarizəsi nəyə gətirib çıxardı? Bütün bunlardan sonra bizim düşmənə ehtiyacımız varmı? Biz Abbasovun kimə əngəl olduğu sualına cavab tapa bilsək də, təəssüf ki, bu suallara cavab yoxdur. Ancaq təcrübə onu göstərir ki, bu məsələyə hələlik son qoyulmayıb. (axar.az)

Paylaş: