Ca. Noy 14th, 2019

Paşinyandan separatçılarla bağlı ETİRAF – “Torpaq itkisinə şərait yaradır”

“Ermənistanın baş naziri Nikol Paşinyan son 2 gündə müxtəlif açıqlamalar verib, eks-prezident Robert Köçəryanın həbsdən azad olunması ona yaman toxunub. Ancaq Paşinyanın ən diqqətən çəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır. O deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Nikol Paşinyanın bu fikirləri ilə aprel müharibəsinə görə Qarabağ klanının məsuliyyət daşıdığına eyham vurur: “Komissiya yaradılacaqsa, o döyüşlərdə ermənilərin itkilərinə də ilk dəfə aydınlıq gətirmək məcburiyyətindədir.

Hardan baxsaq, Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, Qarabağ klanı onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə Baş nazirin reytinqi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyənə qədər atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir”.

E.Şahinoğlu bildirir ki, bu cür fürsət düşmüşkən Azərbaycan XİN-nin bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir. (publika.az)

Paylaş: