Ça. Noy 12th, 2019

“Rusiya XİN-ə nota verilməlidir” – Deputat Fuad Abbasov HAQDA

“Bir adam hamının xoşuna gəlməyə bilər. Ancaq ən pis şey unutqanlıqdır. Jurnalist Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, Azərbaycanlı-çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi”.

Bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporamız mövcuddur:

“Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır.

Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Buna haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir. 

Azərbaycan Xarici İşlər Nazirliyi konkret bu fakta görə Rusiya Xarici İşlər Nazirliyinə nota verməlidir. Bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünülə bilər. Ona görə də hələlik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır”.

Fazil Mustafanın sözlərinə görə, bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır. (teleqraf.com)

Paylaş: