Ç. Okt 23rd, 2019

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə

Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın gözəl güşələrindən biri olan Balakən rayonununda davam edib.

Yaradıcılıq festivalı Heydər Əliyev parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçiləri, rəsmi qonaqları, və rayon rəhbərliyini Balakəndə yaşayan azsaylı xalqların (ukrayna, avar, ingiloy) rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb.

Rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları isə festivala ikiqat bayram əhval-ruhiyyəsi bəxş edib.

Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması, kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib.
Ziyarətçilərin heyrətinə səbəb olan anlardan biri isə güc pəhləvanlarının maraqlı nömrələr nümayiş etdirməsi olub.

Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlanıb. Qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər də səslənib.

Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə də baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.

Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, baş tutur.

undefined

undefined

undefined

 

Paylaş: