Be. Sen 16th, 2019

Keçmiş baş nazir Rusiyanın avropalı deputatları necə ələ aldığından yazdı -“Bunu görmüşəm…”

İllər boyu Avropanın populist və ifrat-sağçı partiyalarının Rusiya Prezidenti Vladimir Putinə sədaqəti və borclarına dair dəlil üst-üstə qalaqlanıb. İndi isə Kreml Avropa Parlamentinə seçkiləri öz namizədlərinin xeyrinə fırlatmaqla məşğuldur və cavab zərbəsi endirmək avropalı seçicilərin payına düşür. Bunu “Project Syndicate” portalında Belçikanın keçmiş baş naziri Guy Verhofstadt yazır.

Mayın 23-dən 26-dək keçiriləcək seçkilərə Avropa Birliyinin taleyini həll edəcək dönüş nöqtəsi kimi baxırlar.

“İllər boyu Avropa Parlamentindəki ifrat-sağçı deputatların “anti-Rusiya” hesab olunacaq istənilən qətnamənin əleyhinə səs verdiyini görmüşəm. Hətta ötən il İngiltərənin Solsberi şəhərində kimyəvi silah hücumuna görə Kremlin pisləndiyini qətnaməyə səsvermə zamanı da belə oldu… Bu deputatlar əslində, Rusiyanın Avropa Birliyi daxilindəki beşinci kolonuna çevriliblər. Onlar Avropanın ümumi problemlərə reaksiya vermək bacarığını azaltmaqdan ötrü əllərindən gələni edəcəklər və beləliklə də qitəni geriyə aparacaqlar”, – yazan müəllif bu fəaliyyətin əvəzində ifrat-sağçı siyasətçilərə Rusiya qurumları tərəfindən maliyyə təklif olunduğunu vurğulayır. Məsələn, 2014-cü ildən Fransanın millətçi siyasətçisi Marine Le Penin partiyası Rusiya bankından milyonlarla dollar kredit alıb.

Məqalədə deyilir ki, Rusiyanın pulu, dəstəyi, seçkiyə müdaxiləsi avropalı populistlərin və millətçilərin xeyli irəliləməsinə səbəb olub. Üstəlik, həmin ölkələrdə elektorat da xeyli qütbləşib.

“Qərb cəmiyyətlərini parçalamaq, bir-birinə qarşı qoymaq Rusiyanın təhlükəsizlik strategiyasının sütunudur. İndi Avropanın digər ölkələri qarşısında duran sual onların da Britaniyanın gücsüz qəzəb və milli özünüməhv yoluyla gedib-getməyəcəyidir. Sonucda Avropanın və Qərbin gələcəyi Putin-dən asılı deyil: bizdən – bu həftə seçkilərə gedən avropalı seçicilərdən asılıdır”, – müəllif vurğulayır və seçiciləri Putinin oyuncağına çevrilməməyə çağırır.

Paylaş: