Be. Sen 16th, 2019

Suriyada müxalifət qüvvələrinə kimyəvi silah tətbiq edilib – Türkiyə və ABŞ ciddi narahatdır

Birləşmiş Ştatlar Suriya hökumət qüvvələrinin yeni kimyəvi hücum gerçəkləşdirməsindən şübhələndiyini bildirib. Dövlət Departamentinin mayın 21-də verdiyi bəyanata görə, mayın 19-da Suriya müxalifətin sığındığı İdlib vilayətinə şübhəli xlor qazı hücumu araşdırılır.

Departamentin sözçüsü Morgan Ortagus deyib ki, əgər Suriya Prezidenti Bəşər hökuməti “kimyəvi silahdan istifadə edirsə, Birləşmiş Ştatlar və müttəfiqləri buna dərhal və müvafiq reaksiya verəcək”.

Ortagus Dəməşqin əsas müttəfiqi olan Rusiyanı “dezinformasiya kampaniyası” aparmasına, kimyəvi hücumlara görə müxalif üsyançıları günahlandırmasına görə tənqid edib.

Rusiya ordusunun Suriyadakı Barışıq Şurasının rəhbəri Viktor Kupçişin mayın 21-də deyib ki, Suriya hərbçilərinin ələ keçirdiyi yaraqlılar saxta kimyəvi hücumlar səhnələşdirərək bunu hökumət qüvvələrinin üstünə yıxmaq planından danışıblar.

Onun iddiasına görə, silahlılar zəhərli agentlərin hazırlanaraq yığıldığı xüsusi “kimyəvi qanad” hazırlayıblar. Rusiya və üsyançıların əsas müttəfiqi olan Türkiyə sentyabrda İdlibdə neytral zona yaratmağa razılaşıblar.

Ancaq islamçı qrupların törəməsi olan Tahrir əl-Şam vilayətdə böyük ərazilər ələ keçirib və bu da hava və quru hücumlarına səbəb olub. Bu qruplaşmada üstünlük 2016-cı ilədək Al-Qaeda-nın qanadı olmuş Nusra Cəbhəsinin əlindədir. Ankara narahatdır ki, cənub sərhədində yerləşən İdlibə irimiqyaslı hücum Türkiyə torpağına böyük qaçqın axınına səbəb olar.

Paylaş: