Bz. Sen 22nd, 2019

“Temren” yayınları: Türkiyə oxucuları azərbaycanlı yazıçıların əsərlərinə daha böyük diqqətlə yanaşır

Türkiyə oxucuları azərbaycanlı yazıçıların əsərlərinə daha böyük diqqətlə yanaşırlar. Almaniyada yaşayan tanınmış azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Ağlayan divar” detektiv romanı da oxucularımız tərəfindən böyük maraqla qarşılanıb.

Turkustan.info bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında “Temren” yayınlarının müdiri Muammer Can söyləyib.

“Ağlayan divar” romanının Türkiyədə böyük rezonans qazanacağına əmin olduğunu bildirən Muammer Can deyib: “Roman iki gəncin ağır həyatından bəhs edir. Eyni zamanda, Türkiyənin dövlətçilik tarixində baş verən mühüm siyasi məqamlar özündə əks etdirir. Müəllif böyük ədəbi ustalıqla dünyanın ən güclü xəfiyyə orqanları arasındakı çarpışmada Türkiyənin kəşfiyyat orqanlarının (MİT) fəaliyyətinə işıq salır. Əminliklə bildirməliyəm ki, bu əsər ən qısa zamanda türkiyəli rejissorlar və prodüserlər üçün cəlbedici olacaqdır. Bu əsər qısa zamanda Türkiyədə böyük oxucu kütləsi qazanıb”.

“Temren” yayınları gələcək fəaliyyətində ölkəmizlə bağlı əsərlərə daha böyük diqqət verəcəyini bildirən Muammer Can qeyd edib ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bağlı mövzuların Türkiyədə daha geniş yayılmasına böyük ehtiyac var. O, hesab edir ki, gənc nəslin düzgün tərbiyə olunmasında bədii ədəbiyyatın misilsiz rolu var. “Temren” yayınları Türkiyə gəncliyində Azərbaycan sevgisinə yeni-yeni bədii əsərlərlə töhfələr vermək niyyətindədir.

Qeyd edək ki, romanın əsas qəhrəmanları Murad və Racheldir. Müəllif onların arasındakı sevgi münasibətlərini incə tellərlə bir-birinə bağlamağa nail olub. Murad MİT əməkdaşı olaraq Rachelə məqsədli şəkildə yanaşmış və onu böyük üzüntülərə salıb. “Ağlayan divar” romanının detektiv gücünü artıran məhz romandakı dinamizmdir. Müəllif böyük məharətlə hadisələrin inkişafını səngiməyə qoymur. Əsər boyu hər bir yeni hadisə ortaya özündən əvvəlki prosesə marağı daha da artırır. Qəhrəmanların taleyini bilmək üçün əsəri birnəfəsə oxumaq istəyirsən.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Paylaş: