Ca. Avq 22nd, 2019

Universitetlərimizdə tələbələrə hansı QADAĞALAR VAR?..

Son zamanlar bir neçə universitet tələbələrə qoyulan qadağalarıyla gündəmə gəlib. Sosial şəbəkələrdə açılan müzakirələri nəzərə alaraq bəzi ali təhsil müəssisələri ilə əlaqə saxladıq. Söhbət hansı qadağalardan gedir?

Dünən xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağan olunub. Universitetin mətbuat xidməti də məlumatı təqsdiqləyib. Tələbələr saqqalla universitetə gələ bilməzlər. 

Bakı Dövlət Universitetində siqaret çəkmək qadağandır. Bu qadağa alqışlansa da, deyirlər ki¸ ona nə müəllimlər, nə də tələbələr əməl edir.

Odlar Yurdu Universitetində qız tələbələr dikdaban ayaqqabı geyinməməlidirlər. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur. 

Azərbaycan Pedaqoji Universitetininin İctimaiyyət, tələbələr və marketing şöbəsinin müdiri Mənsur İbrahimov deyib ki, bu ali təhsil ocağında tələbələrə heç bir məhdudiyyət qoyulmayıb: “Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir, insan hüquqları qorunur. O cümlədən də Azərbaycan Pedaqoji Universitetində də bu belədir”.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev: “Saqal saxlamağa qadağalar qoyulsaydı, əslində yaxşı olardı. Amma Azərbaycan dini, irqi, cinsi ayrıseçkiliyi tanımayan demokratik bir ölkədir. Azərbaycan Texniki Universiteti də demokratik bir ölkənin demokratik universitetidir. Bizdə yalnız Milli Məclisin qapalı məkanlarda siqaret çəkilməməsi ilə bağlı qəbul etdiyi qanuna əsasən, tətbiq etdiyimiz qayda var ki, çox sag olsunlar, tələbələrimiz buna riayət edirlər”.

Azərbaycan Dillər Universitetinin tələbələrinə hər hansı qadağa nəzərdə tutulmayıb. Bu barədə ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən məlumat verilib. Qeyd olunub ki, tələbələrə zahiri görünüş və s. məsələlərlə bağlı qadağalar olmadığından müraciət və narahatlıq qeydə alınmayıb:

“Azərbaycan Dillər Universitetində tələbələrlə iş, təlim-tərbiyə diqqət mərkəzində saxlanılır. Hazırda universitetdə dərslər normal axarında davam edir, ali təhsil ocağının kollektivi yay imtahan sessiyasına hazırlaşır”.  (modern.az)

Paylaş: