Bz. Sen 22nd, 2019

Fuadın deportasiyası bizim itkimizdir…

Növbəti yazılarımdan birini Azərbaycan naminə gördüyü işlərə görə Fuad Abbasova həsr etməliydim. “Messenger”də danışıb “WhatsApp” nömrəsini də almışdım. Vaxt təyin edib şəxsi məlumatlarını götürməyə hazırlaşırdım, qismət olmadı. Bu gün həbsdə olduğu bir zamanda onun barəsində düşündüklərimi sizinlə bölüşmək istəyirəm. Bəli, Fuad həbs olunmamışdan öncə ona qarşı çıxanların arasında azərbaycanlılar da az deyildi. Kimisi onu şəxsi maraqları naminə dələduzluqda suçlayır, kimisi də ermənilərə işlədiyini iddia edib, onu gözdən salmağa çalışırdı. Amma Fuad sözün əsl mənasında bir vətənpərvər kimi həm sapı özümüzdən olan baltalarla və həm də ermənilərlə vuruşurdu. Çox zaman belə olub, necə deyərlər, arxalı köpək qurd basar. Fuad da bu döyüşdə məğlub oldu. Tezliklə vətənə deportasiyası nəzərdə tutulur. İndi Fuad Abbasova xalq dəstək göstərsə də bu çox azdır. Bəlkə Azərbaycan dövləti səviyyəsində müdafiə edilsə deportasiya qərarı ləğv olunar. Ən azı ona görə ki, o, bir Azərbaycan vətandaşı kimi Rusiyada ictimailəşmiş soydaşlarımızdan biridir. Yaratdığı “YouTube” kanalında, Rusiyanın bəzi televiziya proqramlarında ermənilərə qarşı fəal mübarizə aparırdı. Əlbəttə ki, onu ermənilərlə iş ortağı olan, milli düşmənlərimizlə üz-üzə gələndə danışmağa cəsarəti çatmayan yalançı vətənpərvərlər sevə bilməzdi. Özüm şahidi olmuşam, Rusiyada Azərbaycan diasporunun tanınan simalarından biri televiziyada çıxışı zamanı rusiyalı tamaşaçılara çatdırmağa çalışırdı ki,: ”Erməni xalqı ilə bizim heç bir davamız yoxdur. Biz Ermənistan hökumətinə qarşı mübarizə aparırıq”…
Soruşanda da bunu onunla izah edir ki, guya ictimai şəkildə ermənilərin düşmən olduğunu iddia etmək cinayət əməlidir. Yaxşı, bu belədirsə heç olmasa birinci cümləni də ifadə edib, özünü nankor vəziyyətinə qoyma…
Amerikada onlarla buna bənzər hadisələrin şahidi olmuşam. Ermənilərlə canbir qardaş kimi rəftar edən soydaşlarımız burada da az deyillər. Onlara irad tutanda da adamdan inciyir, ünsiyyətdən qaçırlar. Nə isə, gəlin etiraf edək ki, Fuadı bu bəladan qurtarmağın heç bir yolu yoxdur. Bütün hallarda vətənə deportasiyası gözlənilir. Rusiyada ikinci bir Fuadın yetişməsindən ötrü isə bizə vaxt lazımdır. Axı “dəli ürəkli” insanlar hər zaman yetişmir. Hamı Fuad Abbasov ola bilməz…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Paylaş: