Ça. Noy 12th, 2019

“İran Ermənistanı məhv edə bilər” – Politoloqdan ŞƏRH

“ABŞ və İran arasında müharibə olacaq. Ermənistan hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək”. Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“10 il əvvəl demişdim ki, İranın vurulması ilə bağlı qərar qəbul edilib. Niyə İran 10 il əvvəl vurulmadı? Ona görə ki, digər konfliktlər mövcud idi. İraq və Əfqanıstan müharibəsi bitməmişdi, eləcə də Suriyada bizə bəlli olan situasiya yaradılırdı. İndi İrana yanaşmalar təmin edilib. Buraya İrəvandakı yeni rejimi də aid etmək olar. İrəvan hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək. Orada isə İranın yanında yerləşən əla vəziyyətdə keçmiş sovet aerodromları var. Amerikalılara qoşunlarını Əfqanıstan və İraqdan çıxarmaq lazımdır. Orada əhali onlara qarşı üsyan qaldırmağa hazırdır. Bəs onları haraya köçürmək lazımdır? İndi həmin qoşunlara quru əməliyyatı keçirmək izni veriləcək”, – deyə o bildirib.

Jirinovskinin sözlərinə görə, İrana qarşı müharibəni İsrail başladacaq və İranı cavab tədbirləri görməyə məcbur edəcək. O, bundan sonra oyuna böyük oyunçuların daxil olacağını bildirib və proqnozunun gerçəkləşməsinin qaçılmaz olduğunu söyləyib.

Vladimir Jirinovski ile ilgili görsel sonucu

İranda yaranan böhranın Rusiya üçün problem olacağını deyən Jirinovski konflikt nəticəsində bu ölkədən Rusiyaya çoxlu sayda qaçqının gələcəyini deyib: “Milyonlarla qaçqın yaranacaq. Bəs onlar hara yönələcəklər? Yalnız şimala! Cənubda İslam dünyasının yalnız sünni hissəsi var. Orada onları məhv edəcəklər. Şimala hərəkət etmək məcburiyyətində qalacaqlar. Şimalda isə Azərbaycan, Gürcüstan və Ermənistan var. Onlar əziləcəklər. O zaman təkcə İrandan olan qaçqınlar yox, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstandan olanlar bizim Şimali Qafqaza keçəcəklər. Orada da partlayış xarakterli vəziyyət var. Burada da onlar tərəfdarlarını, dostlarını, eləcə də düşmənlərini tapacaqlar. Bütün bunlar Həştərxan, Volqoqrad və Rostova yaxınlaşacaq. Burada biz onları dayandırmalı olacağıq. Biz artıq qaçqınların qəbulu üçün baraklar tikməyə başlamalıyıq. Siz milyonlarla insanı harada məskunlaşdıracaqsınız? Biz onları qəbul etməli və qida ilə təmin etməliyik. Avropaya baxın, görün nə baş verib? Onlar qaçqın axınlarını necə dayandıracaqlarını bilmirlər. Biz ki, belə etməyəcəyik! Mən bunun baş verməməsindən xoşbəxt olardım. Bu mənim ideyam deyil. Mən deyirəm ki, nə baş verə bilər! Mən bununla 55 ildir məşğul oluram və yəqin ki, bir istiqamətdə yarım əsir işləmək hansısa nəticələr verir”.

Qeyd edək ki, V.Jirinovski zaman-zaman sensasiyalı və mübahisə yaradan açıqlamalar verməsilə tanınan, bir çox hallarda qeyri-ciddi, populist siyasətçi kimi tanınsa da, bəzən proqnozları düz çıxır. Bəs onun yuxarıda dedikləri nə dərəcədə əsaslıdır?

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyətinin öz aerodromlarının İrana qarşı istifadə olunmasına razılıq verəcəyi inandırıcı deyil: “Ermənistan Rusiyanın əlində oyuncaqdır. Rusiya imkan verməz ki, Ermənistan hakimiyyəti aerodromlarını İsrailin və ABŞ-ın İrana qarşı poliqonuna çevirsin. Bu gün Paşinyanın Rusiyanın adamı olan Robert Köçəryanı həbsdə saxlamağa gücü çatmırsa, Ermənistanın ABŞ-ın poliqonuna çevrilməsinə imkan yarada bilməz. İkincisi, Ermənistan aerodromlarını İsrailin və ABŞ-ın İrana qarşı istifadə etməsi üçün versə, İran dərhal Ermənistanı məhv edər. Jirinovski bir çox məsələləri şişirdir. Əvvəla, İran əgər vurulacaqsa, İranın vurulması üçün ən strateji nöqtə İraq ərazisidir, Birləşmiş Ərəb Əmirlikləridir, Səudiyyə Ərəbistanıdır. Bu bölgələr elə bölgələrdir ki, həmin ərazilərdən İranın vurulması ABŞ üçün kifayət qədər asandır. Jirinovski hətta Cənubi Azərbaycanın müstəqil Azərbaycanla birləşə bilməsi, Böyük Azərbaycan ideyasının reallaşa bilməsi kimi məsələni dilə gətirməsi, İrandan qaçqınlar ordusunun Qafqaz ölkələrini ayaq altına alacağı barədə gerçəkliyi qətiyyən əks etdirməyən, illüzior xarakterli fikirlər söyləyir. Əvvəla, hazırda İrana qarşı hərbi əməliyyatların başlanması gündəmdə deyil. Bu gün sanksiyaların sərtləşdirilməsi və sanksiyaların nəticəsində İranın daxilində iqtisadi, siyasi vəziyyətin gərginləşməsi və nəticədə cəmiyyətin ayağa qalxaraq mövcud rejimə qarşı mübarizəyə başlaması hədəf götürülüb. Bu zaman İsrail və Amerika cüzi şəkildə müdaxilə edib proseslərin sürətlənməsinə kömək edə bilər”.

Politoloq hesab edir ki, İrana qarşı İraq və Suriyaya qarşı əməliyyatlara bənzər əməliyyatlar nəzərdən keçirilməyəcək:“Son on ildə hərbi əməliyyatların aparılması taktikası və bu zaman istifadə edilən silahların xarakteri o qədər dəyişilib ki, indiki müharibələrdə canlı qüvvələrdən, hətta aviasiyadan daha çox raket texnikasından istifadə edilir. Ona görə də nəzəri cəhətdən hesab etsək ki, İrana zərbələr endiriləcək, bu zərbələr əsasən raket zərbələri ola bilər. İrana qarşı müharibə olacaqsa, bu, tamamilə fərqli müharibə olacaq. Yenə deyirəm, müharibə ehtimalı çox azdır.  Jirinovski ilə yalnız o mənada razılaşmaq olar ki, əgər müharibə şəraiti yaranarsa, bölgədəki geosiyasi durum əsaslı sürətdə dəyişə bilər. Bu əsaslı dəyişmədə müəyyən ciddi proseslər baş verə bilər. Lakin bu gün üçün dəqiq olan odur ki, ABŞ İranın parçalanmasında maraqlı deyil. İranın parçalanmasını qonşu böyük dövlətlər Türkiyə və Rusiya da istəmir”.

Paylaş: