Bz. Sen 22nd, 2019

İran prezidenti Həsən Ruhani: “ABŞ bizi bombalasa da təslim olmayacağıq”

İran prezidenti Həsən Ruhani mayın 23-də deyib ki, onun ölkəsi hətta bombalansa belə, ABŞ-ın təzyiqləri qarşısında təslim olmayacaq. Ruhani ilə eyni gündə bəyanat verən İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqeri deyib ki, “düşmənin hər hansı avantürizmi dağıdıcı cavabla üzləşəcək”.

IRNA agentliyinin xəbərinə görə 1980-1988-ci il İran-İraq müharibəsinin yadetmə mərasimində çıxış edən prezident Ruhani deyib ki, “iranlılar həyatlarındakı çətinliklərə baxmayaraq indiyədək təzyiqlərə boyun əyməyiblər”.

Rohani bildirib ki, İran “hətta onun torpağı bombardman edilsə də, müstəqillik və ləyaqətindən geri çəkilməyəcək”.

Bundan əvvəl İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqeri demişdi ki, ABŞ-İran qarşıdurması “iradələrin çarpışmasıdır”. Baqeri xəbərdarlıq etmişdi ki, İran “düşmənin hər hansı təxribatına güclü, dağıdıcı və məhvedici cavab verəcək”.

Qeyd edək ki, İran Birləşmiş Ştatlarla “heç bir şəraitdə” danışıqlara getməyəcəyi barədə bəyanatı təkrar səsləndirib və 2015-ci il nüvə sazişinin imza sahibi olan ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb. Tehran bu sazişlə bağlı səbrinin tükənməkdə olduğunu bildirib.

“Bizim ölkəmizin hüquqlarına hörmət edilmədikcə, sözlər hərəkətə keçmədikcə, bizim tutdiuğumuz yol indi olduğu kimi qalacaq”.

Bu barədə bəyanatı mayın 23-də İran Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Kösravi elan edib.

O əlavə edib ki, “heç bir şəraitdə danışıqlardan söhbət gedə bilməz”.

İran və Birləşmiş Ştatlar arasında münasibətlər ötən il prezident Donald Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxartdıqdan sonra ən aşağı həddinə enib. Sözü gedən müqavilə İranla, ABŞ da daxil, dünyanın 6 gücü arasında imzalanıb və üzərindəki sanksiyaların qaldırılması müqabilində Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

ABŞ bu sazişdən çıxandan bəri Vaşinqton ritorikasını sərtləşdirib və Tehran üzərinə sanksiyaları bərpa edib.

Nüvə sazişini imzalamış Avropa ölkələri – Britaniya, Fransa, Almaniya hazırda bu müqavilənin qorunub saxlanmasına səy göstərirlər, lakin Tehran onların “ləngliyindən” narahatlıq keçirdiyini deyir.

İran mayın 8-də verdiyi bəyanatda bildirib ki, dünya gücləri onun maraqlarını ABŞ sanksiyaları qarşısında müdafiə etməsələr, Tehran uranın zənginləşdirilməsi fəaliyyətinə başlayacaq. Donald Tramp administrasiyasının rəsmiləri son həftələrdə Birləşmiş Ştatların iştirakı ilə hərbi münaqişənin yer ala biləcəyindən narahatlıq ifadə edirdilər.

Vaşinqton Yaxın Şərqə, İrana yaxın sulara hərbi gəmilər göndərmişdi və İrandan Amerika maraqlarına “real təhlükə” olduğunu bildirirdi. Tehran ABŞ-ın bu iddialarını dəfələrlə rədd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova mayın 23-də Vaşinqtonu, “sanksiyalar qoymaqla, hərbi təzyiqi artırmaqla və aqressiv ritorikadan istifadə etməklə İranı “birbaşa qarşıdurmaya” çəkmək cəhdlərində ittiham edib.

Zaxarovanın bu bəyanatından əvvəl Reuters agentliyi xəbər vermişdi ki, İranla bağlı gərginliyin artması ilə əlaqədar Pentaqon Yaxın Şərqə 5000 hərbçidən ibarət əlavə qüvvə göndərilməsinə dair təklifi təhlil etməkdədir.

Paylaş: