C. Noy 15th, 2019

Rəsmi Ankara: “ABŞ-ın Türkiyəyə möhlət verməsi barədə xəbərlər doğru deyil” – AÇIQLAMA

ABŞ-ın “S-400” sistemləri ilə bağlı qərar qəbul etməsi üçün Türkiyəyə iyunun əvvəlinə kimi möhlət verməsi haqqında informasiyanı şərh edən Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib: “Rəsmi səviyyədə bizə belə bir məlumat daxil olmayıb”. Bu barədə “Anadolu” agentliyinin müxbirləri Kasım İleri, Safvan Allahverdi yazır.

ABŞ Konqresində Türkiyə prezidentinin administrasiyası ilə kommunikasiyadepartamenti tərəfindən təşkil edilən geniş tədbirdə türk-amerika münasibətlərinin ətraflı müzakirə edildiyini xəbər verən Kıran deyib: “Türk-amerika münasibətlərinin gələcəyinə olan inancımızdan bəhs etdik”.

ABŞ Nümayəndələr Palatası Xarici İşlər Komitəsi tərəfindən müzakirəyə çıxarılan və bu gün qəbul edilən qətnamə layihəsini dəyərləndirən Kıran bildirib: “Bu gün Konqresdə qəbul edilən qətnamə layihəsi ilə birlikdə Amerikada “S-400” hava hücumundan müdafiə sisteminin fərqli məcrada müzakirə edildiyini üzülərək izləyirik”.

Kıran ABŞ-da həmin əlaqələr çərçivəsində görüşdükləri 6 konqresmenə Türkiyənin “S-400” sistemlərini əldə etməsi ilə əlaqədar vəziyyət və bu prosesin əsl səbəbi haqqında məlumat verildiyini deyib. Qeyd edilib ki, ABŞ Türkiyənin hava hücumundan müdafiə sahəsində tələblərinə cavab verməyib, ancaq tədarük iki ölkənin strateji münasibətlərinə təsir göstərməyəcək.

Bu məsələdə ABŞ-ın həssaslığının diqqətə alındığını dilə gətirən nazir müavini Amerika administrasiyasının Türkiyənin “S-400” sistemlərinin əldə edilməsi ilə əlaqədar texniki işçi qrup yaratmaq təklifinə hələ cavab vermədiyini qeyd edib.
“F-35” proqramından çıxarılacağı təqdirdə Türkiyənin hansı yolla irəliləyəcəyi ilə bağlı suala Kıran belə cavab verib: “Türkiyə nəzəri ssenarilərlə hərəkət etmir və proqram çərçivəsində aktiv fəaliyyətini davam etdirir”.

Amerika tərəfi ilə görüşlərdə “S-400” məsələsinin müzakirəsinə qarşı qəti etiraz səsləndiyini vurğulayan Kıran ABŞ-ın “S-400” ilə bağlı narahatlığının yersiz olduğunu başa düşəcəyini, Türkiyənin Fətullah Gülənin “FETÖ” terror təşkilatı mövzusunda həssaslığını qəbul edəcəyini və YPG/PKK dəstələrinə yardımı dayandıracağına ümid etdiklərini bildirib.

Nazir müavini ABŞ mətbuatında işıq üzü görən “ABŞ “S-400” sistemləri ilə bağlı qərar qəbul etməsi üçün Türkiyəyə iyunun əvvəlinə kimi vaxt verib” xəbərlərinə münasibət bildirib: “Rəsmi səviyyədə bizə belə bir məlumat daxil olmayıb. Martda ABŞ “Patriot” ilə bağlı təklifini yeniləyib. Əvvəlki bizi qane etmirdi. Düşünürük ki, burada həmin təklif nəzərdə tutulub”.

Kıran “S-400” məsələsində Türkiyənin əvvəlki mövqeyində qaldığını, bunun başa çatmış saziş olduğunu və mütəxəssislərin artıq bu sistemləri öyrənməyə başladığını bildirib.

YPG/PKK-nın aradan qaldırılması baxımından təhlükəsizlik zonasının yaradılmasının əhəmiyyətinə diqqət çəkən Türkiyə rəsmisi bu təşkilatların nəinki Türkiyəyə, eyni zamanda ABŞ, kürd xalqı və ümumilikdə Suriyaya təhlükə kəsb etdiyini vurğulayıb. (xaricipressa)

Paylaş: