Bz. Sen 22nd, 2019

Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib – FOTO

Müasir dövrdə dünyada və Azərbaycan Respublikasında baş verən təbii fəlakətlər və texnogen qəzalar zamanı əhalinin mühafizəsini təşkil etmək əsas məsələlərdən biridir.

Turkustan.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”ndan (ADY) verilən məlumata görə, qurumun 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Yevlax dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

Bununla əlaqədar olaraq, Yevlax dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirməkdir. Mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti ilə təşkil olunan təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri iştirak ediblər.

Yevlax dəmir yolu qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qovşaq rəhbəri məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşüb və aşıb, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, stansiyanın xidməti binalarının bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər.

Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri mülki müdafiə rəhbərinə məruzə ediblər. Müvəqqəti rabitə bərpa edilib. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar ərazidən kənarlaşdırılıb, xilasetmə qrupu əraziyə daxil olub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılılıb.

Sonra bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıb. Bərpa işləri başa çatandan sonra ağırlaşdırıcı hal kimi sərnişin qatarında yanğının başlaması barədə şərti məlumat daxil olub. Xilasetmə manqaları dərhal sərnişinləri vaqondan təhlükəsiz əraziyə təxliyyə edib və yaralıları tibb məntəqəsinə çatdırıblar. Hər bir manqa komandiri mülki müdafiə rəhbərinə məruzə edib. Təlimdən sonra keçirilən müşavirədə Fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttiş İsa Xudiyev çıxış edərək stansiyada mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Paylaş: