Ça. Dek 10th, 2019

Osman Türkay cazibəsi

Böyükağa MİKAYILLI

O, 1995-ci ildə Hindistanda “Poeziyanın sonuncu imperatoru” seçilib. Ədəbi tənqid onun poeziyasını “kosmik eranın ilk həqiqi poeziyası” adlandırıb. Şairin “Dünya üçün simfoniya” adlı kitabına amerikalı tənqidçi Panos Bardis ön söz yazıb. Mən həmin ön sözü Azərbaycan dilinə tərcümədə oxumuşam. Müəllif yazır: “Bu nəşr elə olmazın təəssürat yaradır və öz nəhəngliyinə elə inandırır ki, biz dünyanı onun gözüylə görməyə məcbur qalırıq, onun musiqili sətirlərini təkrar-təkrar oxuyuruq, o vaxta qədər ki, içimizdəki qara qüvvələr öz yerini nurun gücünə təslim edir və parlaqlığın qamaşdırıcı şəfəqi ilə parçalanır.” Quzey Kıbrısda doğulub, öz poeziyası ilə dünyanı heyran qoyan şair, dramaturq və tənqidçi Osman Türkay haqqındadır növbəti yazım. 1976-cı ildə Kembricin “Qitələrarası Bioqrafiya Mərkəzi” onu Mərkəzə üzv qəbul edir. Bu üzvlük şairə adının sonunda F.İ.B.A. (Fellow Intercontinental Biographical Assocation – Qitələrarası Bioqrafiya Cəmiyyətinə Üzvlük) hərflərindən istifadə etmək hüququ verirdi. Qeyd edim ki, bu üzvlük dünyada nadir istedad sahibi olan yaradıcı şəxslərə nəsib olur. 1979-cu ilin 10 sentyabrında Osman Türkay ABŞ-da keçirilən beynəlxalq tədbirə dəvət olunur. Həmin tədbirdə Nyu-Yorkdakı Danziq Universiteti ilə qardaş elan edilən Hindistan Dünya Universiteti ona “Ədəbiyyat doktoru” fəxri adını verir. Dünya Sənət və Mədəniyyət Akademiyası onu Dünya Şairlərinin Beşinci Qurultayında şeirlərinin  mükəmməlliyinə görə “Beynəlxalq Ozanlar Sultanı” adı ilə təltif edir.

Şairin tərcümeyi halını izlədikcə Amerika Birləşmiş Ştatlarının beynəlxalq yaradıcılıq təşkilatlarının ona yüksək dəyər verdiklərinin şahidi oluruq. Sanki Kıbrısda doğulan, İngiltərədə və Türkiyədə şair, dramaturq, yazıçı kimi formalaşan Osman Türkayın yaradıcılıq istedadını Amerikalılar kəşf edib. O, 1983-cü ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Kosmos əsri şerinə xidmət” mükafatına layiq görülüb. 1984-cü ildə isə həmin institut onu ömrünün sonuna qədər Fəxri üzvlüyünə və Beynəlxalq Müşavirliyə seçib, 1985-ci ildə isə “Xatirə” şərəf medalı ilə təltif edib. Qitələrarası Dünya Şeir Dərnəyi və Dünya Sənət və Mədəniyyət Akademiyası tərəfindən 29 dekabr 1986-cı ildən 3 yanvar 1987-ci ilə qədər Hindistanın Mədrəs şəhərində təşkil olunan Dünya Şairlərinin IX Qurultayında ingiliscə yazdığı “Variasiyalar” kitabına görə 1986-cı ilin “Dünya Şeir Birinciliyi” mükafatını alıb. 1987-ci ildə Beynəlxalq Şairlər Akademiyası ona “Variasiyalar” əsərinə görə “Şeirdə Bərabərsizlik” mükafatını verib. Həmin ildə İtaliyada “Gümüş Zəncirli Beynəlxalq Şeir” mükafatının, “KKTC Cümhurbaşqanlığı şərəf” mükafatının sahibi olub. 1988-ci ildə isə həmin kitabın yüksək müvəffəqiyyəti və şairin kosmos əsri şerinə yeni dəyərlər bəxş etməsi münasibətilə o, Qitələrarası Dünya Şeir Dərnəyi tərəfindən Nobel ədəbiyyat mükafatına namizəd göstərilir, İtaliya Milli Mədəniyyət Mərkəzi “PelleD Luna” tərəfindən təşkil olunan Beynəlxalq Şeir Müsabiqəsində “Bir portretdə çağımızın üç üzü” şeri ilə birincilik qazanır, Sinqapur XV Sənətlər və Əlaqələr Qurultayında beynəlxalq şeirdə göstərdiyi uğur və qüsursuzluğa görə, Asiyalı Şairlər Federasiyasının “Qızıl Şeir Medalyonu”na layiq görülür.

1990-cı ildə Kenyanın Narobiya şəhərində 8-15 iyul tarixləri arasında keçirilən XVII Beynəlxalq Sənətlər və Əlaqələr Qurultayında “Afrika” şerinə görə “Afrika Şeir Kralı” mükafatına və “Dünyamızın portreti – 1990” poemasına görə “Qızıl Zürafə” mükafatına layiq görülür. Həmin ildə ikinci dəfə Nobel mükafatına namizəd göstərilir. 1991-ci ildə “Yunis İmrə Sevgi, Sülh və Xoşgörü Xüsusi” mükafatını, Avstraliyadan “Qəhrəmanlıq” adını, İngiltərədən “Viktoriya Şeir Medalyonu”nu alır. “Dünya üçün simfoniya” kitabı ilin “Avropa Şeir Kitabları Birincisi” seçilir.

Türk dünyasının bu istedadlı ismi 1997-ci ildə “Kainatda bir gəzinti” adlı kitabı ilə Amerika Nailiyyətlər İnstitutu tərəfindən “İlin adamı və Min İlin Şöhrətlər Sarayı” mükafatına layiq görülüb. “Eynşteyn”, Amerika Bioqrafiya İnstitutunun “Qızıl val”, “Başqanlıq”, Şərəf Mühürü”, Avstraliyada “Uçan Altın Kumru”, ümumilikdə 50 beynəlxalq  mükafatla  təltif edilib. BMT-nin dünya mükafatı laureatı seçilib. 1998-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” elan olunub. O, dünyada ən çox tərcümə olunan şair hesab edilir.

Osman Türkay haqqında bu sətirləri qələmə alarkən həm qürur hissi keçirir, həm də təəssüflənirdim. Ona görə qürur hissi keçirirdim ki, dünyanın aparıcı nəşrləri, məşhur tənqidçiləri bu böyük türk oğlu haqqında dəfələrlə yazaraq onun poeziyasını təqdim ediblər, onu ən incə nüanslarına qədər araşdırmağa çalışıb, nüfuzlu beynəlxalq təşkilatlar onu ən yüksək fəxri adlara layiq görüblər. Təəssüflənirdim ona görə ki, biz Osman Türkay haqqında çox az məlumata sahibik. Dünya onu tanıdığı halda bizim Osman Türkay poeziyası haqqında, bir sıra qəzetlərdə dərc olunan məqalələri və tədqiqatçı Elmira Məmmədovanın monoqrafiyası, Osman Türkayın bəzi şeirlərinin tərcüməsi istisna olunmaqla, məlumatımız olmayıb. Elmira Məmmədova “Müasir Kipr türk poeziyasının formalaşmasında Osman Türkayın rolu” (Bakı, 2007) adlı namizədlik dissertasiyasında böyük şair, yazıçı və dramaturqun zəngin irsini faktlar, mənbələr əsasında araşdıraraq təqdim edib. Alimin bu əsəri Osman Türkay irsinin öyrənilməsi işinə ən layiqli töhfədir. Elmira Məmmədovanın Azərbaycan dilinə uyğunlaşdırdığı “Ay üçün rekviyem” kitabı da sənətkarın ədəbi irsinin tədqiqi baxımından əhəmiyyətlidir. Elmira Məmmədova bu kitabda Osman Türkayın şeirlərini verməklə yanaşı, onun əsərlərini təhlil edib, şair haqqında görkəmli sənət adamlarının, alimlərin fikirlərinə yer ayırıb. Yazını hazırlyarkən tədqiqat işindəki faktlara müraciət etməklə, alimin sanballı tədqiqatlarından bəhrələndim. Düşünürəm ki, istifadə edəcəyim mənbələr əsasında hazırlayacağım bu yazımda istedadlı şair haqqında oxucularda mən də müəyyən təsəvvür yarada biləcəyəm. Bir məqamı qeyd edim ki, Osman Türkayın dünyanın hər yerində oxucuları, pərəstişkarları olub. Heyranları ona göndərdikləri məktublarında şairə öz sevgi və ehtiramlarını ifadə ediblər. Maraqlıdır ki, şairə ünvanlanan məktubların arasında Tailand şahzadəsi Vemulçadra, Türkologiya üzrə dünya şöhrətli alim Anna Masala, Hindistanın keçmiş baş naziri Şeila Gürjal və digər görkəmli şəxsiyyətlərin adlarına rast gəlmək mümkündür. Osman Türkay poeziyası öz qüdrəti, “ruha sığal çəkən” xisləti ilə hər kəsi cəlb edib. Osman Türkayın şeirlərində səma, kainat, göyün sonsuz ənginlikləri poeziyanın dili ilə danışdırılır. O, kosmosu təsvir edir, səmanın rəsmini öz şair qələmi, ürəyi ilə çəkir, onun sirlərinə agah olmaq istəyir. Buna görə də onu “Kosmos əsri şairi”, “Modernist şeirdə yeni məktəb yaradıcısı” adlandıranlar haqlıdırlar. Osman Türkayın şeirləri yer üzünə sığmayıb, göy üzünə səpələnən şeirlərdir. O, dünyanı, kainatı poetik dillə ifadə edir, onun gizlinlərini şair qələmi ilə bir alim, filosof, psixoloq kimi açmağa çalışır.   

DALLARI YERYÜZÜNDE – AĞAÇ

Gözlerim rontgen gibi delip geçiyor duvarları
Kentin sokaklarını dolaşıyorum şimdi 
İlk karşılaşmamız bu seninle galiba Bay Robot
Günaydın. Uğultular kulaklarımda bir yeni uzay çağı
Bak nasıl çalışıyor makinelerimiz, vitrinlerimiz
Gövdelerimizin gizlerini çözemeyen laboratuvar
Betikler, günceler, renkli dergiler

Bir övgü dudaklarımda: Sen misin Promete
O göksel ateş ne kadar yoğun
Ne kadar geniş ki hep ışık, hep gök boşluğu
Ulises`ler şimdi yer çekiminden öte

Ben kökümü arıyorum karanlık, sık bir ormanda
Nerdesin ilk insan ağacı
Suların dibindeyim akıntılı açık denizlerde
Balıklar, ilkel yaşam hücreleri, fosiller konuşmaz bana
Hâlâ karanlıklarımda Afrika, uzaklarımda proconsul
Yanlış eleştirdin gövdemi Bay Darwin

En eski uzay çağından bana ses ver usum
Ben yeryüzünde yabancı, ben yeryüzünde konuk
Yerçekimini aştım kökümü arıyorum

Osman Türkay 16 fevral 1927-ci ildə Kıbrıs adasının şərqində yerləşən Kazafana qəsəbəsində Mustafa Hasan və Emete Hasanın ailəsində dünyaya gəlib. Körpə yaşlarından atasını itirən Osman dayısının himayasəndə yaşayıb. O, 1939-cu ildə qəsəbədəki ibtidai məktəbi bitirib Lefkoşaya gəlir. Burada Türk Kişi Liseyinə daxil olur. Osman Türkay ilk şerini də burada oxuyarkən, təxminən 14 yaşında qələmə alıb. 1942-ci ildə həmin liseyi bitirən O.Türkay sonradan təhsilini Girnə şəhərində yerləşən İngilis Ali Məktəbində davam etdirib. Gələcəyin böyük şairinin dünyagörüşünün formalaşmasında Əhməd Haşım və Yəhya Kamalın şeirləri, eləcə də, Əbdülhaq Hamidin “Məqbər” əsəri mühüm rol oynayıb. O, 1946-cı ildə Girnədə təhsilini başa vurub. 1947-1951-ci illər arasında yerli “Hürr söz” qəzetinin redaksiyasında işləyir, qəzetin ədəbiyyat və sənət səhifəsini hazırlayır, eyni zamanda satiraları ilə çıxış edir. 1951-ci ildə jurnalistikanı daha yüksək səviyyədə öyrənmək üçün Türkiyəyə yollanır. Adanaya gəlir. Həmin vaxt Adanada, İncirlikdə NATO aeroportunun tikintisi işləri aparılırdı. Türkay burada yüksək maaşla tərcüməçi işinə qəbul edilir. Türkiyə ədəbi mühiti onu çox maraqlandırır. Ədəbiyyat onu özünə cəzb etdikcə, klassik, müasir dünya, türk ədəbiyyatını öyrəndikcə, şairlərlə görüşdükçə, Türkiyənin ədəbi mühitinə daxil olduqca, özünün də cazibəsi yaranırdı Osman Türkayın. O, burada eyni zamanda jurnalistik fəaliyyəti ilə məşğul olur. Türkiyə və Kıbrıs mətbuatında yaradıcılıq nümunələri ilə yanaşı,  Adanada nəşr olunan “Vətəndaş” adlı müstəqil qəzetdə “Böyük davalarımız” başlığı altında yazılar dərc etdirir. Bu yazılarıda Kıbrıs türklərinin mücadilələrindən bəhs edir. 1953-cü ilin payızında O.Türkay ali təhsil almaq üçün Londona yola düşür. O, 1955-ci ildə London Müasir Dillər Məktəbinin jurnalistika fakültəsini, 1958-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə fakültəsini bitirir. Həyatının ilk İngiltərə mərhələsi Osman Türkay üçün ədəbi axtarışlarda keçir. O, mütaliəyə qapanır. Dünya ədəbiyyatını ən qədim dövrdən müasir çağa qədər ələk-vələk edib öyrənir. İnsan övladının yaratdığı, nəsildən-nəslə ötürdüyü mədəniyyəti, fəlsəfəni araşdırır. Düşüncəsinə, təfəkkürünə yazdığı biliklər onun qarşısında dünyanı, kainatı açır. O, 1958-ci ildə Kıbrısa artıq tamamilə başqa – Kainatın hüdudsuzluğunu qəlbi ilə duyan bir şair kimi qayıdır.  “Bozqurd” qəzetinin siyasət və mədəniyyət bölmələrinə rəhbərlik edir. 1959-cu ildə şair-yazıçı Fuad Veziroğlu (Fuad Veziroğlu 1935-ci ildə Kıbrısda anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirən Veziroğlu Lefkoşadan millət vəkili seçilib. Sonralar müstəqil vəkil kimi fəaliyyət göstərən Veziroğlu “Halkın səsi” qəzetində məqalələrlə çıxış edib. “Nacak” qəzetində yazı işləri müdiri vəzifəsində çalışıb. Şeirləri “Çukur yanaklı” kitabında toplanaraq çap olunub. Mənbə: İhsan İşık, “Resimli ve Metin Örnekli Türkiye Edebiyatçılar ve Kültür Adamları Ansiklopedisi” 2.bas, 2009)  və yazıçı-jurnalist, ictimai xadim Kutlu Adalı ilə birlikdə “Beşbarmaq” və “Xəbərdarlıq” (“Uyarı”) adlı ədəbi jurnalların dərcinə başlayır. 1958-ci ildə Osman Türkayın – “7 Telli” kitabı nəşr olunur.

Osman Türkay 1961-ci ildə İngiltərəyə yollanır. Bu, şairin bu ölkəyə ikinci gedişi idi. Şair bu dəfə təhsil almaq üçün deyil, maarifçilik işlərini həyata keçirmək, dünyaya səsini daha yaxşı eşitdirmək üçün gedirdi. Onun İngiltərədəki fəaliyyəti də bunu deməyə əsas verir. O, öz yaradıcılğı və ictimai fəaliyyəti ilə İngiltərədə Kıbrısın səsi kimi səslənirdi. Vətənində baş verən hadisələr Osman Türkayın fəaliyyətini hava-su kimi zəruri etmişdi. 1961-1962-ci illər arasında İngiltərədə nəşr etdirdiyi “Kıbrıs türkünün səsi” adlı qəzet, sonralar isə “Vətən” qəzeti ilə əməkdaşlıq sayəsində Kıbrısın səsini dünyaya yayırdı. Türkiyədə nəşr olunan  “Varlıq”, “Türk dili”, “Varlıq illiyi”, “Yedditəpə”, “Yelkən”, “Tərəzi” (“Denge”), “Səsimiz” adlı qəzetlər 1960-cı illərdə oxucular tərəfindən rəğbətlə qarşılanırdı. Osman Türkay bu qəzetlərdə ədəbi-bədii, publisistik və elmi yazılarla çıxış edirdi. İngiltərədə yaşasa da, Türkiyə ilə, Kıbrısla əlaqələrini kəsmirdi, Vətəninin qayğıları ilə yaşayırdı.  Tədqiqatçı Elmira Məmmədova “Osman Türkayın poetik irsi” adlı tədqiqat işində şairin İngiltərədəki fəaliyyətindən bəhs edən “Yeniasır” qəzetindən sitat gətirir. Qəzet 2003-cü ilin 38-ci sayında yazır: “… Osman Türkay, İngiltere’ye göç eden, orada eğitim alan, oraya yerleşen ve Kıbrıs türkünün sesini oradan duyurmaya çalışan, sadece Kıbrıs Türk edebiyatının değil, genel olarak bütün Türk edebiyatının İngilteredeki temsilcisi konumunda bulunan önemli bir şahsiyettir”. Təsadüfü deyil ki, O, 1971-ci ildə İngiltərədəki Kıbrıs Türk Birliyinin baş katibi vəzifəsinə təyin olunur. Bu vəzifə Türkayın daha geniş ictimai iş aparmasına yol açırdı.  

 Elmira Məmmədova daha sonra yazır: 1969-cu ildə şairin ikinci şeirlər kitabı – “Yuxu gəzərgisi” (“Uyurgəzər”) Türkiyədə “Yedditəpə” nəşriyyatı tərəfindən nəşr olunur. 1970-ci ildə isə həmin nəşriyyat şairin “Bethovendə aydınlığa oyanmaq” (“Beethovende Aydınlığa Uyanmak”), 1972-ci ildə “Dünyəvi səyahət” (“Evrenin Düşünde Gezgin” – “Symphonies for the World”), 1975-ci ildə “Qiyamət günü müşahidəçiləri” (“Kıyamet Günü Gözlemcileri”) adlı kitablarını çap edir.

Osman Türkayın ingilis dilində yazdığı şeirlər də zaman-zaman dünyanın ədəbi ictimaiyyətinin diqqətini cəlb edib. Onun 1978-ci ildə “Beethoven and Other Poems” (“Bethoven və digər poemalar”), 1982-ci ildə “Poetry Türkay” (“Türkayın poeziyası”), 1986-cı ildə “Variations” (“Variasiyalar”), 1989-cu ildə “Symphonies for the World” (“Dünya üçün simfoniyalar”), 1995-ci ildə “Poetry Türkay and Ephitaphs for the Dying World” (“Türkayın poeziyası və ölən dünya üçün efitapiyalar”), 1998-ci ildə “Roaming About Universe” (“Kainatda bir gəzinti”), 1999-cu ildə “Cosmorama” kitabları İngiltərə, Hindistan və ABŞ-da çap olunub. Ümumilikdə isə onun şeirləri rus, İsveç, yapon, ərəb, Hind, rumın, çex, Koreya, Azərbaycan dillərinə çevrilib.

Osman Türkay qərbi, onun tarixini, mədəniyyətini, dünya ədəbiyyatını nə qədər dərindən bilsə də, kainatdan duyduqlarını ifadə etsə də, əsərlərində Akdeniz mədəniyyəti, Türk xalq ədəbiyyatı, Kıbrıs folklorunun izlərini görməmək mümkün deyil. Osman Türkay bizə türkçülük ruhumuzu pıçıltı ilə xatırladır. O, Yunus İmrəni, Çingiz Aytmatovu, Nəcib Fazil Kısakürəyi xatırlatsa da, öz ürəyi, öz qəlbi, ruhu ilə özü olaraq qalır. Filologiya elmləri namizədi Nazim Muradov Elmira Fikrətqızının “Ay üçün rekviyem” kitabının ön sözündə yazır: “Şairin “Asiyanın sızlayan ruhu”nu oxuduqca bu “ağrıyan, müqəddəs, xırçın ruhun” “bütün insan soylarını əmzirən ana Asiya”nın dişi bədəninin canı-cövhəri olduğunu – bir unutduğumuz gerçəyi- xatırlayırıq. Bu dişi bədənin erkəyinin “Mənim Altaylarla Tanrı dağlarım” olduğunu isə yenə Türklük ruhu ilə bəslənən şairin bizə pıçıldadıqlarından öyrənirik… Bu şeir Lev Qumilyovun, Oljas Süleymenovun, Murad Adjinin, A. Bennigsenin, Lemercier C. Quelquejay’ın, Bilinməyən İç Asiya yazarı Prof. Dr. Lajos Ligetinin… elmi, tarixi əsərləri qədər dəyərlidir və çoxlarımızın bilmədiyi tarixi həqiqətləri poetik bir şəkildə söyləyir bizə. Şeirin Uyurkən o ana qucağında / Seyr etməkdən niyə doyammadım / Görkəminə / Yoxsulluğa meydan oxuyan / Qüruruna, şərəfinə misralarında doğma anasından uzaq düşmüş bir balanın peşmanlığını və ‘sonrakı ağlı’nın diqtə etdiyi acı etirafı görürük… Adını çəkdiyimiz bu kitabda tədqiqatçı Elmira Məmmədova şairin şeirilərini ustalıqla tərcümə edərək oxuculara təqdim edir.

Onun 40-a yaxın elmi-publisistik məqaləsində 20-ci əsr ədəbiyyatı tarixində hakim olan üç ədəbi istiqamət – modernizm, sosialist realizmi və tənqidi realizmin səciyyəvi, müsbət və mənfi tərəfləri konseptual şəkildə təhlil olunur (Əsgər Rəsulov “Kainat ozanı” adlı ön söz). Onu “Kosmos şairi” adlandırsalar da, o, öz milliliyini heç vaxt itirməyib, kökündən ayrılmayıb. Osman Türkayı oxuduqca kainatın sonsuzluğunu, hüdudsuzluğunu hiss edirsən. Onu da hiss edirsən ki, şair bu sonsuzluğu qəlbinin gözü ilə görüb, ruhu ilə hiss edir:

Baxdıqca aynaya, əks olunan bir obraz ovsunlayar məni

 Gördüyüm mənim üzüm deyil, mən başqa, o başqa.

Gördüyüm kosmik bir üzdür bir milyon işıq ili kənarda

 Bir şeiri zümzümə edər səssizcə onu dinləyən ulduzlara.

Ruhu yanır, bəlkə də sızlayır öz türküsünün ağrısından

 Yenidən işə salıb iç dünyasının dinamiklərini,

Baxarsan insanın öz qardaşı olar, tanrıların ən yaxın dostu

Və beləcə ulduzların titrəşən işıqları

Əks olunar sirli sözləri indi Ağdənizdən

 Bir azdan gələcəyin riyaziyyatından.

(Aynada gördüyüm kimi)

 Osman Türkay Türk dünyasının bir parçası hesab etdiyi Azərbaycana böyük sevgi bəsləyib, yurdumuzun yaşadığı acılar onun da şair qəlbini sızladıb. Elə bu sızıltıdan da “Xocalı şəhidlərinə ağı” adlı şeirini qələmə alıb böyük sənətkar.

AMEA-nın  Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə elmlər namizədi Sədaqət Şıxıyeva yazır: “Şərq şerinin təsiri ilə ədəbi yaradıcılığa başlayan, XIX və XX yüzilliyin əvvəllərində “ədəbi dəb”ə çevrilən simvolizmə meyllənən, nəhayət, XX yüzillik şerində əsas istiqamətlərdən birinə çevrilən sərbəst şeir və modernizmə üstünlük verən Osman Türkayın yaradıcılıq yolu həm də türk şerinin inkişaf yolunu, İslami Şərq şerinin təkamülü və keçidlərini əks etdirir. Bu nadir istedad sahibi həm tərcüməçi-şair, həm geniş diapazonlu ədəbiyyatşünas, həm də publisist kimi fəaliyyət göstərmiş, tam mənası ilə, həm praktiki, həm də nəzəri ədəbiyyatla məşğul olması baxımından kamil bir ədib olmuşdur”. (Osman Türkay, “Ay üçün rekviyem” kitabı., Elmira Fikrətqızının tərcüməsində)

Osman Türkay dünyəviliyi, milliliyi, müasirliyi, elmiliyi, tarixiliyi, öyrədiciliyi ilə ürəkləri fəth edib. O, dünya üçün ən qiymətli fikir adamına çevrilib. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Əsgər Rəsulovun tədqiqatçı-alim Elmira Fikrətqızının “Osman Türkayın poetik irsi” adlı monoqrafiyasına yazdığı “Kainat ozanı” adlı ön sözdə oxuyuruq: “Müəllif, haqlı olaraq, belə  bir düzgün elmi mövqedən çıxış  edir ki, Osman Türkayın  şeir və  poemaları forma və  məzmun baxımından klassik  Şərq poetikasının, fransız və türk simvolizminin, Türkiyə ədəbiyyatında “birinci” və  “ikinci yeni” adı verilən  ədəbi məktəblərin, ingilis modernist poeziyasının sintezindən təşəkkül etsə də, öz fərdi üslubi məziyyətləri, ideya‐məzmun və  mündəricəsi ilə  tamamilə  orijinal poeziya nümunələridir. Yaradıcılığı boyu həm əruz, həm heca, həm də sərbəst vəznlərdən istifadə edən şairin, ilk iki vəznə  ədəbi yaradıcılığının başlanğıc dönəmlərində müraciət etməsi, 50‐ci illərdən sonra isə sərbəst şeirə  üstünlük verməsinin səbəbləri və elmi‐nəzəri əsasları iddiaçı tərəfindən doğru işıqlandırılır.”

Yazıçı Əli Şamil isə 2001-ci ildə Bakıda nəşr olunmuş “Quzey Kıbrıs” kitabında göstərir ki, ədəbi tənqid onun poeziyasını “Kosmik eranın ilk həqiqi poeziyası” adlandırıb. Avropa ədəbiyyatşünasları bu gün də o fikirdədirlər ki, Osman Türkayın ingilisdilli poeziyası hər zaman yeni və unikaldır, onu türk dilinə çevirmək mümkün deyil.  O, metaforası və dünyagörüşü baxımından türk poeziyasının üfüqlərindən çox-çox uzaqlardadır. Şairin şerlərinin tərcüməçisi və tədqiqatçısı Ravil Buxaraev isə qeyd edir ki, Osman Türkayın şerləri 60-cı illərdə ruscaya çevrilsəydi Nazim Hikmət qədər məşhur olardı. Ravil Buxaraev daha sonra yazır ki,  “Osman Türkayı tərcüməyə tatar poeziyasında Hadi Təktaşın və Hasan Tufanın idrakı və ürəyi çatardı. Təəssüf ki, onların hər ikisinin də qanadlarını erkən kəsdilər. Məsələ yalnız dil imkanlarında deyil, həm də dilin inkişaf yönündə və ona xas olan poeziyadadır. Türkay ona görə kosmos şairi deyildi ki, qədim yunan və Misir miflərini bilirdi, onun poeziyasında həm də sələflərinin Göy Türklərin göylər, ulduz mənşəli olması mifi də həll olunmuşdu. Yəni, türk dili onun üçün həmişə ilahi dili olaraq qalıb.” Osman Türkay ömrünü türk ruhu ilə yaşayıb başa vurdu. O, şair kimi ucaldığı şöhrət zirvəsinə insanlıq pillələri ilə qalxdı. Ucaldıqca da Vətəninə –  doğma Kıbrısının torpağına daha çox əyildi.

Osman Türkay 2000-ci ildə İngiltərədə xəstələnir. Quzey Kıbrıs Türk Respublikası xüsusi dövlət orqanlarının qərarı ilə o, vətəninə gətirilir. Girnədəki Ağçiçək xəstəxanasında xüsusi nəzarətdə saxlanılır. 2001-ci il yanvar ayının 22-də ruhu ilə səmaları duyan şair “Yenə gələcəyəm” deyib gözlərini əbədi yumur. O, 25 yanvar 2001-ci ildə doğulduğu, sonradan şairin şərəfinə Ozanköy adlandırılacaq qəsəbədə torpağa tapşırılır. “Ben cennette doğdum, cennet gibi bir doğa ve tarih içinde, ama cehennemde yaşadım! Niçin? Hayatımda, bütün dünyayı gezdim… Benim çektiklerim insanın daha henüz tam insanlaşmamış olmasından, doğa ve yaşam içindeki çelişkilerden kaynaklanmıştır hep. Hayatımda hiçbir kimseye en küçük kötülüyü yapmadım, yapmayı da düşünmedim. Fakat, en yakın dost bildiklerimden, en büyük fenalıkları gördüm. Doğadaki kaos, insan ruhundaki kaos…hep bunlara karşı koymak için çalıştım” (Toplumun Sesi, 1993: 27) deyən,

Bahara elveda, yaza elveda,

Gonçelerde açan naza elveda,

İçimi dolduran haza elveda,

 Hepsinden uzağım bir gamlı başla,

yazan şair qəlblərə əbədi sevgi dastanı həkk edərək, “yenə gələcəyəm” deyib əbədiyyətə yollanır…

İstifadə edilən ədəbiyyat:
1. Elmira Fikrətqızı. “Osman Türkayın poetik irsi”. Bakı, “Elm”, 2010, 256 səh.
2. Şamil (Şamilov) Əli Hüseyn oğlu. Quzey Kıbrıs. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı. 2001. s.152. 
3. https://www.turkcebilgi.com/osman

  1. https://www.edebiyatdenizi.com
    5. https://www.biyografi.net

 

 

 

Paylaş: