Ca. Dek 12th, 2019

Ata “alkaş”, oğul narkoman…

Seymur Verdizadə 
Azərbaycanda narkomanların sayı ilbəil artır. Əgər beş il əvvəl ölkəmizdə 26 min narkoman vardısa, hazırda bu rəqəm 31 mini ötüb. Biz hələ rəsmi qeydiyyatda olan narkotika aludəçilərindən danışırıq. Bəzi valideynlərin bu faktı ciddi-cəhdlə ört basdır etdiyini nəzərə alsaq, ölkədə ən azı 50 min nəfərin narkotika bəlasından əziyyət çəkdiyi məlum olar.
Qeydiyyatda olan narkomanların sosial durumu bir-birindən kəskin şəkildə fərqlənir. Yəni, var-dövləti başından aşan ailələrin övladları da narkoman olur, yeməyə çörək tapmayan kasıb gənclər də bu xəstəliyə yoluxurlar. Narkomafiya gecə-gündüz iş başındadır. Onlar sərvətlərini artırmaq üçün gəncləri zəhərləməkdən çəkinmirlər.
Mütəxəssislər gənclərin narkotik maddələrin aludəçisinə çevrilməsini müxtəlif səbəblərlə əlaqələndirirlər. Əsas səbəb ailələrdə nəzarət mexanizminin zəif qurulmasıdır. Valideynlərin uşaqlar üzərində təsiri ilbəil azalır. Biz gündəlik həyatımızda da bunu müşahidə edirik. Üç gün əvvəl dostlarımdan biri iki yaşlı nəvəsinin yeni texnologiyaları yüksək səviyyədə mənimsəməsini belə ifadə etmişdi: “Məsud telefonun altından girib, üstündən çıxır”.
Üç-dörd yaşlı uşaqların telefonlarla, planşetlərlə sərbəst davrandığını hamımız görmüşük. Bilirsiniz, səbəb nədir? Uşaqların bir yaşı tamam olan kimi bəzi valideynlər telefonu onların əlinə verib, ekran qarşısında əyləşirlər. Yəni, biz uşaqları hələ bir yaşında nəzarətsiz qoyuruq. Uşaq böyüdükcə ona verilən azadlığın sərhədləri də genişlənir. Şəxsən mən 15-16 yaşlı uşaqların gecə 12-dən sonra Bakı küçələrində sərbəst gəzib-dolaşdıqlarını tez-tez müşahidə edirəm. Yeniyetməlik çağında olan oğlunun səhərdən-axşama kimi küçələrdə dolaşdığını dostlarımdan birinin diqqətinə çatdıranda, cavabı belə olmuşdu: “O yaşda olanda Xətai dövlət qurmuşdu”.
Təcrübə göstərir ki, narkomanların çoxu kənar şəxslərin təsiri ilə bu xəstəliyə yoluxublar. Narkotika aludəçilərinin ən azı 90 faizi bu zəhrimarın dadına ilk dəfə pulsuz baxıblar. Amma asılılıq yaranandan sonra narkotik maddə əldə etmək üçün şalvarlarını da satıblar. Bunu yaxşı bilən işbazlar təcrübəsiz gənclərə qarşı həmişə səxavətli olurlar. Hazırda heroin istifadəçisi olan narkomanlardan biri bir müddət əvvəl mətbuata müsahibəsində belə demişdi: “Mən narkotikaya “konfet”lə başlamışam”. Bilənlərlə işim yoxdur, bilməyənlər üçün yazıram: son vaxtlar işbazlar məktəbli uşaqlara konfet kağızına bükülmüş həblər peşkəş edirlər. Həmin “konfetləri” o adamların gözünə soxmaq təkcə hüquq-mühafizə orqanlarının deyil, həm də bizim vəzifəmzidir. Sadəcə, bir az gözüaçıq olmaq lazımdır.
Bir müddət əvəl yazmışdım, yenə fikrimdə qalıram: uşaqlar bütün pis vərdişləri böyüklərdən öyrənirlər. Hətta öz dostlarımın, tanışlarımın arasında da iki-üç yaşlı uşağın qulağının dibinə siqaret qoyan, içdiyi badəni onların burnuna toxunduran adamlar az deyil. Gözünü açandan atasının əlində araq, damağında siqaret görən uşaq gec-tez onun yolu ilə gedəcək. “Alkaş” atanın narkoman oğlu olar…
Narkotika aludəçiləri arasında mədəni ailələrin övladları da var. Jurnalist həmkarlarımdan biri danışır: “Dispanserdə müsahibə götürdüyüm pasiyentlərin arasında gözəllikdə tayı-bərabəri olmayan bir qız da vardı. Dedi ki, rəfiqəm gözəlliyimi qısqandığı üçün məni bu bəlaya düçar elədi”.
Dünyada 200 milyondan çox insan narkomaniyadan əziyyət çəkir. Bu 200 milyondan biri olmadığımıza görə Allaha şükür etməli, 200 milyondan sonrakı birinci olmamaq üçün isə mücadilə verməliyik. Unutmayaq ki, hər bir təcrübəli narkoman il ərzində ən azı dörd nəfəri narkotikə cəlb edə bilir…   /moderator.az/

Paylaş: