Ca. Avq 22nd, 2019

Azərbaycanlı jurnalistlər “Çelsi”-“Arsenal” duelində kimi dəstəkləyəcək? – Maraqlı CAVABLAR

Bu gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək İngilis komandalarının duelində “Çelsi” və “Arsenal” üz-üzə gələcəklər.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bununla bağlı jurnalistlər arasında sorğu keçirib, onların hansı komandaya azarkeşlik etdiyi ilə maraqlandıq:

 “CBC Sport” telekanalının müxbiri  Elnur Məmmədli:
“Heç bir komandaya azarkeşlik etmirəm. Amma ümid edirəm ki, maraqlı, sürətli və bol qollu oyun izləyəcəyik. Ən əsası, inanıram ki, yaxşı təşkilatçılıq olacaq və hamımız bu futbol bayramından zövq alacağıq”.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı:

“Uzun illərdir xarici komandaların oyununa baxarkən xüsusi azarkeşlik etdiyim komanda olmur, kim yaxşı oynayırsa, onun qalib gəlməsini istəyirəm. İstər “Barselona” olsun, istər “Real”, “Milan”, “Liverpul”- filan. Hərçənd könlüm bəzən “Barselona”dan yana olur. Ancaq görəndə ki, bu komanda vaxt uzatmaqla, cığallıqla, hakim tərəfkeşliyi ilə qalib gəlməyə çalışır, gözümdən düşür. Necə deyərlər, mənim futbol azarkeşliyim də belədir. Bugünkü oyuna gəlincə, əvvəllər olsa istərdim ki, “Arsenal” qalib gəlsin, amma bildiyiniz kimi, bu komanda ölkəmizə qarşı “qara piar” işi apardı, ona görə də istəyirəm ki, onlar burdan pərt getsinlər”.

“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev “Çelsi”yə simpatiyasını biruzə verərək, hesabı belə proqnozlaşdırıb:
““Çelsi” – “Arsenal” – 2:1”.

“Lent.az” saytının əməkdaşı Ramilə Qurbanlı:
“Heç bir ingilis klubuna azerkeşlik etmirəm. Əlimdə əlacım olsaydı, 11 top alıb verərdim onlara ki, biri-birini qırmasınlar”.

“Goal.az” saytının müxbiri Zeynəb Əliyeva:
“Jurnalistlər adətən, neytral olurlar. Təbii ki, meydana çıxan komanda ölkəni təmsil etmirsə. Final oyununda 2 məşhur İngiltərə klubu qarşılaşır: “Çelsi” və “Arsenal”. İngilis klublarından “Liverpul”u dəstəkləyirəm. Ona görə bu gün hansı klubun çempion olması, mənim üçün xüsusi önəm daşımır. Sarriyə görə, bir az “Çelsi”nin qalib gəlməsini istərdim. Ötən gün məşqdə yaşananlardan sonra, bu, bir az çətin görünür. Hansı komandanın qalib gəlməsindən asılı olmayaraq, maraqlı oyun gözləyirəm”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:

“Heç birinə azarkeşlik etmirəm. Ölkəmizin təqdimatı üçün bir fürsət olan bu final oyununun və oyunla bağlı bütün prosesin uğurla keçməsini arzu edirəm”.

Modern.az saytının baş redaktoru Əfqan Qafarlı: 
“Heç birinin azarkeşi deyiləm. Amma Azərbaycana qarşı apardığı “qara piar” kampaniyasına görə “Arsenal”ın uduzmasını istərdim. Baxmayaraq ki, Məsud Özil də bu klubda oynayır, yenə də “Çelsi”nin qalib gəlməsində maraqlıyam. Bununla yanaşı, bizə ən vacib məqam bu gecə bütün dünyanın diqqətinin Bakıya yönəlməsi olacaq”.

Supersport.az saytının baş redaktoru Anar Cəfərsoy:

“Avropa Liqası final oyununun Bakıda təşkil olunması ölkəmizin təbliğatı baxımından çox mühümdür. Bir faktı xüsusi qeyd edim ki, bu qarşılaşmanı televiziyadan 1 milyarddan artıq tamaşaçının izləyəcəyi gözlənilir. Avropada adından söz etdirən “Qarabağ” klubu son illər qitə yarışlarında uğurları sayəsində AvroLiqanın indiki finalçılarından “Çelsi” və “Arsenal”ı, həmçinin Çempionlar Liqasının hazırkı finalçılarından biri “Tottenhem”i Bakıya gətirib. Azərbaycan çempionu bununla həm ölkəmizin təbliğatında, həm Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında da böyük rol oynayıb. “Qarabağ”ın əməyinə görə də adıçəkilən məşhur komandaları daha yaxından tanıyırıq. Bu gün Avropa Liqasının “Çelsi” – “Arsenal” finalına gəlincə, əlbəttə ki, bizləri çox maraqlı oyun gözləyir. Heç bir komandaya azarkeşlik etməyəcəm, güclü qalib gəlsin”.

Müstəqil jurnalist Seymur Verdizadə:

“Finala çıxan komandaların heç birinə simpatiyam yoxdur. Mənim dəstəklədiyim klublar “Qarabağ” və “Qalatasaray”dır. Bugünkü finalı evdə televizordan izləyəcəm, yaxşı oyuna azarkeşlik edəcəm”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev:
“Əslində futbolla maraqlanan deyiləm. Oyun vaxtı BNA-nın digər əməkdaşları kimi, mən də nəqliyyat işləri ilə məşğul olacam. Amma belədə “Çelsi”nin qalib olmasını arzu edirəm”.

“Radio Anten 101 FM”in əməkdaşı Əzizə İsmayılova:

“Mən futboldan yerlə Yupiter qədər uzağam.Ona görə heç bir fərqi yoxdur. Amma mənə elə gəlir ki, “Arsenal” udacaq”.

“Trend” İnformasiya Agentliyinin müxbiri Samir Əli:

“Əgər yatmayıb oyaq qalsam, “Çelsi” komandasına azarkeşlik edəcəm. Və “Çelsi”nin də qalib gələcəyinə əminəm. “Çelsi” Azərbaycanda özünü ev sahibi kimi hiss edəcək. Məncə azərbaycanlı azarkeşlərin 80 faizi “Çelsi”ni dəstəkləyir”. (modern.az)

Paylaş: