Bz. Avq 18th, 2019

Ölkədən 5.5 milyard manat vəsait necə çıxarılıb? – Prokuror sürücüyə və müavinə 26 il cəza tələb etdi

2013-2015-ci illərdə yalnız adı olan, əslində isə heç bir fəaliyyəti olmayan şirkətlər vasitəsilə ölkədən 5 milyard 551 milyon manatın çıxarılıb ofşor hesablara köçürülməsi ilə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə görə cinayət məsuliyyətinə cəlb olunan iki nəfərə 26 il həbs cəzası istənilib. Prokuror Rüfət Vəliyev və Malik Əliyevin hər birinin 13 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror deyib ki, adları çəkilən şəxslərə CM-in 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları və ya digər əmlakı leqallaşdırma), 313 (vəzifə saxtakarlığı) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib.

Ölkədən 5.5 milyard manat pul çıxarmaqda suçlananlardan R.Vəliyev taksi sürücüsü, M.Əliyev isə lisenziyası ləğv edilmiş «Royalbank»ın filiallarından birində müdir müavini olub.

Aylardır davam edən məhkəmə prosesində dəfələrlə onlardan soruşulub ki, ölkədən çıxarılan pulların əsl sahibi kimlər olub? Ancaq onlar suallara konkret cavab verməyiblər.

Xatırladaq ki, pullar Azərbaycandan təqsirləndirilən R.Vəliyevin adına yaradılan və ya sonradan onun adına keçirilən şirkətlərin (Provision Group, İmpeks+, Blast, Qalaksi A, Asin Co. LTD, Primo A, İTEK MMC, Elektromaş, Aveo) bir neçə il öncə Türkiyədəki firmalardan aldıqları malların ödənişi kimi rəsmiləşdirilməklə çıxarılıb.

Cinayət işinin materiallarında yazılıb ki, «Azəriqazbank»ın Xətai filialının yerləşdiyi ofisdə otaq ayrılıb. M.Əliyev və daha bir neçə nəfər orada qeyri-rəsmi işləyib. Onlar R.Vəliyevin gətirdiyi torbalarla pulları sayıb, onların saxta olub-olmadığını yoxlayıb, daha sonra «Azəriqazbank», «United Credit Bank» və Beynəlxalq Bank vasitəsilə xarici ölkələrə, ofşor şirkətlərin hesablarına köçürülüb. R.Vəliyev və M.Əliyevin heç biri özünü təqsirli bilmir.

Bir günə ölkədən 5.5 milyard manatı çıxarıb ofşorlara göndərən şirkət kimindir?

R.Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış.

Günlərin birində Ə.Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. R.Vəliyevin dediyinə görə, o, Ə.Canın pullarını banklara daşıyırmış: «Məni doqquz ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm».

Digər təqsirləndirilən M.Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. R.Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var. Rüfət ona birlikdə işləməyi təklif edib: «Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı».

İttihamda adıçəkilən Ə.Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.

Paylaş: