Bz. Dek 15th, 2019

Transgenderi Facebook-da lağa qoyan AZAL əməkdaşı ÜZR İSTƏDİ

Bu günlərdə “Facebook” sosial şəbəkəsində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşının paylaşımı narazılığa səbəb olub. 

Belə ki, Nazilə Muradova adlı AZAL əməkdaşı transgender şəxsə məxsus pasportun şəklini paylaşıb və onu lağa qoyub. 

Paylaşım qısa müddətdə sosial şəbəkə istifadəçilərinin etirazı ilə qarşılanıb. 

Hadisədən dərhal sonra “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb:

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

Bununla əlaqədar olaraq, hər üç əməkdaş dərhal işdən azad olunub:

QSC fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istəyib: 

“Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk”.

Bu gün isə aviaşirkətin işdən çıxarılan əməkdaşı Nazilə Muradova sərnişinin şəxsi informasiyasını yaydığı üçün üzr istəyib:

“25 may 2019-cu ildə “Facebook” səhifəmdə bir vətəndaşın şəxsiyyət vəsiqəsi mənim tərəfimdən paylaşılıb və bir müddət sonra onu silmişəm. Qəbul edirəm ki, mənim tərəfimdən edilmiş bu davranış etik baxımdan düzgün deyildi, bunu etməkdə heç bir hüquqa sahib deyildim.

Səbəb olduğum bu xoşagəlməz hadisədə öncəliklə o insandan, cəmiyyətimizdən və həmçinin, Azərbaycan Hava Yolları şirkətindən çox üzr istəyirəm. Düşünülməmiş bu yanlış davranışıma görə cəzamı aldım.

Qeyd etmək istəyirəm ki, heç vaxt buna oxşar, ya bu şəkildə paylaşımlar etməmiş və cinsi azlıqlara qarşı çıxış etməmişəm. Məni tanıyan insanlar bilirlər ki, cinsi azlıqda olan insanlara qarşı həmişə müsbət yanaşmışam.

Bu məsələni bu şəkildə sosiallaşdıran, o vaxt üçün dostluğumda olan, adını çəkmək istəmədiyim şəxsə müraciət etmək istəyirəm. Şəxsi məlumatı paylaşdığım insanı qorumaq sənin vətəndaşlıq haqqındır və əgər sənin niyyətin mənim bu davranışımı qınamaq idisə, bunu başqa yolla edə bilərdin. Lakin bundan sensasiya yaratmağı seçdin.

Nəticədə məndən başqa iki insan işdən azad edildi və “Azərbaycan Hava Yolları”nın reputasiyası qaralandı. Ümumi cəmiyyətimiz, hər birimiz qəbul edilmiş və müvəffəqiyyətli şəxsiyyət olmaq istəyirik. Lakin necə və hansı yollarla? Bugünkü günümüzdə yaxşıya da, pisə də yer var, həyat belə qurulub. Təəssüf ki, bu insan yaxşılığı tez unudub, hansı ki mənim ailəm onun çətin vaxtında ona dəstək olmuşdu. Tanrı hər birimizin hakimidir.

O ki qaldı müxtəlif xəbər portallarında ve “Facebook” səhifələrində mənim şəxsi şəkillərimin paylaşılmasına, sizin bu davranışınızın mənim etdiyimlə nə fərqi oldu? Siz bir insanın hüquqlarını qorumaq məqsədilə başqa insanın hüquqlarını heçə saydınız. Bu cür paylaşımlardan sonra mənə və ailəmə təhdid və təhqiredici mesajlar almağa başladım. Bu məsələni bu dərəcəyə gətirən “dost”, sənə ayrıca “minnətdaram”.

P.S. Bir daha üzümü tutub hər birinizin anlayışınıza sığınaraq, qeyd etmək istəyirəm ki, hər kəs səhv edə bilər”. (oxu.az)

Paylaş: