Ça. Okt 15th, 2019

Saakaşvilinin Ukraynaya qaytarılmasının – Pərdəarxası

Ukrayanın yeni Prezidenti Vladimir Zelenski Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarmaqla keçmiş prezident Pyotr Poroşenko və onun tərəfdarlarına zərbə vurdu.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Zelenskinin Saakaşvili ilə bağlı qəbul etdiyi qərarın pərdəarxasından bəhs edilib:

“Poroşenko Saakaşvilini Ukraynadan qovmuş, pasportunu əlindən almışdı. Bununla Poroşenko problemdən qurtulduğunu zənn edirdi. Zelenski isə Saakaşvilini qaytarmaqla parlament seçkisi öncəsi Poroşenkonun mövqelərini zəiflətməyə çalışır. Çünki geri qayıdan Saakaşvili hər yerdə Poroşenkonun və onun komandasının korrupsioner olduğunu gur səslə deyəcək. Zelenskiyə də elə bu lazımdır.

İkincisi, Zelenski oliqarxlardan asılı olmaq istəmir. Ancaq yeni prezidentin oliqarxları siyasətdən uzaqlaşdırması çətin olacaq. Ona bu işdə güclü müttəfiqlər lazımdır. Saakaşvili məhz belələrindəndir. Mixail Saakaşvili var gücüylə Ukraynada oliqarxik sistemin ortadan qaldırılmasında Zelenskiyə kömək etməyə çalışacaq.

Zelenski oliqarx Kolomoyskinin İsraildən Ukrayana geri qayıdışına şərait yaratdı. Kolomoyskinin Saakaşvilidən xoşu gəlmir. Buna baxmayaraq, Zelenski Saakaşvilini də geri qaytardı ki, “Kolomoyskinin adamı” imicindən qurtulsun. Digər tərəfdən, Zelenski Saakaşvili vasitəsilə Daxili İşlər naziri Arsen Avakovun ambisiyalarını da tənzimləyəcək. Avakovun da Kolomoyski kimi Saakaşvilidən xoşu gəlmir, hətta hökumətin iclasında onu təhqir etmişdi. Avakov Zelenskinin prezident seçilməsinə şərait yaratdı, seçki məntəqələrində saxtakarlığa imkan vermədi. Ancaq Zelenski bu yaxşılığına görə Avakovdan asılı olmaq istəmir”.

Təhlildə Saakaşvilinin bu ölkədə siyasi ambisiyasının olmadığı bildirilib:

“Saakaşvilinin öz sözlərinə görə, o, Ukraynada nə deputat, nə baş nazir olmaq, nə də bir başqa rəsmi vəzifə tutmaq istəyir. Özü Kiyevə qayıtdıqdan sonra deyib ki, Gürcüstanın prezidenti və Odessa qubernatoru olması ilə kifayətlənir. Yəni Saakaşvili rəsmi vəzifəyə iddialı deyil, islahat mərkəzi təsis edib Zelenskiyə dəstək vermək istəyir.

Buna baxmayaraq, Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Partiyası parlament seçkilərinə hazırlaşır. Doğrudur, bu partiyanın 5 faizlik səddi keçəcəyi hələ sual altındadır. Ancaq bu baş verərsə, kim bilir, bəlkə Zelenski Saakaşviliyə baş nazir vəzifəsini təklif etdi. Zelenskinin Xalqın Xidmətçisi Partiyası Saakaşvilinin partiyası ilə ittifaq da qura bilər”.

Mərkəzin təhlilində Saakaşvilinin şəxsi xarakteri ilə bağlı bəzi məqamlara da diqqət çəkilib:

“Saakaşvili xaraktercə ipə-sapa yatmayan şəxsdir. Yəni Saakaşvili bu gün Zelenskini dəstəkləyirsə, sabah mövqeyini 180 dərəcə dəyişə də bilər. Saakaşvili-Poroşenko ittifaqı da belə dağılmışdı. Bu mənada mümkündür ki, Saakaşvili Zelenskiyə kənarda dəstəkçi kimi lazım olsun. Saakaşvili buna da razıdır”.

Mixail Saakaşvilinin Ukraynaya qaydışının Azərbaycanın da maraqlarına cavab verdiyi təhlildə qeyd olunub:

“Birincisi, Azərbaycanda Saakaşviliyə böyük rəğbət var, onun Prezident İlham Əliyevlə şəxsi dostluğu mövcuddur. Bu baxımdan Saakaşvili Ukraynada Azərbaycan maraqlarının dəstəkçisi kimi də çıxış edə bilər. Erməni lobbisinin güclü olduğu Ukraynada bu cür dəstəkçiyə ehtiyacımız var.

İkincisi, Saakaşvilinin Ukraynaya geri dönməsi Gürcüstanın indiki hakimiyyətini yaman qorxudub. Çünki Saakaşvili Gürcüstan sərhədlərinə yaxınlaşıb. Əgər Saakaşvili Ukraynada islahatların həyata keçirilməsində uğur qazanarsa, Gürcüstandakı reytinqi artacaq və onun ana vətəninə geri dönüb hakimiyyət uğrunda mübarizəyə başlaması aktuallaşacaq. Bunun özü də Azərbaycanın xeyrinədir. Gürcüstanın hazırki hakimiyyəti məbəd məsələsində görə Azərbaycanla münasibətləri gərginləşdirmək yolunu seçib. Azərbaycanın dostu olan Saakaşvilinin fəallaşması Gürcüstanın indiki Prezidenti Salome Zurabişvili və onun arxasındakı gücləri Azərbaycanla münasibətlərdə ehtiyatlı mövqeyə sövq etməlidir”.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin vətəndaşlığını bərpa edib və Saakaşvili Kiyevə qayıdıb.

Paylaş: