Be. Avq 19th, 2019

“Dəqiq kəşfiyyat məlumatı olmadan zabitimiz vurulmazdı” – Hərbi ekspertdən şok açıqlama

Dünən Azərbaycan Ordusunun hərbi qulluqçusu, tabor komandiri, mayor Omarov Aqil Akif oğlu erməni tərəfinin açdığı snayper atəşi nəticəsində şəhid olub.

Maraqlıdır ki, hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda baş verib.

Tabor komandirinin şəhid olması cəmiyyət tərəfindən aqressiya ilə qarşılanıb və “düşmənin mövqeləri məhv edilməlidir” tələbləri səsləndirilib.

Cəbhədə atəşkəsin pozulması minimum həddə olduğu bir zamanda tabor komandirinin vurulması birmənalı qarşılanmır.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib.

Tərlan Eyvazov vurğulayıb ki, tabor komandirinin vurulması olduqca ciddi məsələdir:

“Bu məsələ sıradan bir məsələ deyil. Şəhid olan zabitimizi ehtiyatsızlıqda günahlandırmaq doğru deyil. O cür təcrübəli hərbçi təhlükəsizlik tədbiri görməmiş olmazdı. Paşinyanın qeyri-səmimi sülh çağırışından sonra müəyyən qədər atəşlərə ara verilmişdi və statistikaya baxsaq, döyüş itkilərinin sayı azalmağa doğru gedirdi. Bu son hadisələrdən sonra açıq aydın göründü ki, “Qarabağ klanı” ilə Paşinyan yola getmir. Ona görə də bu cür təxribatların olacağı gözlənilən idi. Yenə də təkrar edirəm ki, tabor komandiri, mayor Aqil Omarovun ehtiyatsızlıqdan şəhid olmasına inana bilmirəm. Yəqin ki, erməni kəşfiyyatının dəqiq müşahidəsi nəticəsində onlar hədəfi seçiblər. Onlar önlərinə çıxanı vurmayıblar. Konkret müşahidə ediblər və gözlənilməz şəkildə vurublar”.

Erməni tərəfinin “biz vurmamışıq” açıqlamasına gəldikdə isə Tərlan Eyvazov bildirib ki, bu, gülüncdür:

“Erməni tərəfi bilir ki, bunun cavabı çox ağır olacaq. İllər öncə Ağdamda 9 yaşında bir uşaq da vurulanda güllənin haradan atıldığı məlum idi. Onda da dedilər ki, biz vurmamışıq. Boyunlarından atmaq ermənilərin adətidir”.

Zabitin hansı şəraitdə vurulmasına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Aqil Omarov təlim meydançasında olub. Təlim meydançası isə düşmən müşahidəsi tərəfindən görünə bilməzdi. Çünki təlim meydançası bu cür təhlükələrdən sığorta olunmuş yerlərdə qurulur. Buradan belə nəticəyə gəlmək olar ki, ermənilər mövqelərini dəyişərək ərazini görə biləcəkləri yerə gəliblər və buradan atəş açıblar. 2 il öncə casusluq qalmaqalı olmuşdu. Çox güman ki, erməni kəşfiyyatının izi hələ də orada qalmaqdadır. Dəqiq kəşfiyyat məlumatı olmadan belə bir komandirin vurulması qeyri-mümkün olardı”.

Azərbaycan tərəfinin cavabına gəldikdə isə Tərlan Eyvazov qeyd edib ki, qarşı tərəf məhv edilməliydi:

“Əgər biz tabor komandirinin şəhid olmasına görə düşmən tərəfini məhv etməsək, onlar ağıllanmayacaq. Hətta bu hadisə Ermənistanda olan silahlı qruplaşmaların əməli də ola bilər. Ancaq bu heç nəyi dəyişmir. Bizim problemimiz deyil. Bu məsələyə görə qarşı tərəf mütləq cəzalandırılmalıdır”.

Paylaş: