Be. Dek 9th, 2019

“Verilmiş ərazilərimiz” və tarixi həqiqətlər

Araz Aslanlı

Mütəmadi olaraq Azərbaycan mediasında belə başlıqlara rast gəlirik: “İrəvanı kim verdi”, “filan rayonu kim satdı”, “filan rayondan olanlar niyə döyüşmədilər” və s. Bunlar kifayət qədər qüsurlu və zərərli jurnalistika vərdişinin nümunələridir. Təəssüf ki, cəmiyyətimizdə geniş yayılmış bir xəstəlik olan “mütəmadi olaraq ittiham etməyə adam axtarmaq” xəstəliyi bu cür başlıqlarla birləşincə özünütəhlil imkanlar məhdudlaşır, qorxaq, satqın və xain axtarışları başlayır.

Təbii ki, ərazi itkisi ciddi acıdır, təbii ki, tariximizi ciddi analiz etməliyik və səhvlərdən ciddi nəticə çıxarmalıyıq, vacib olduqda kimlərisə ittiham etmək və hüquqi məsuliyyət varsa cəzalandırmaq da lazımdır. Amma yerli-yersiz bu cür başlıqlar atmaq, məsuliyyəti sadəcə öz daxilimizdəki digərlərinə yükləməkdoğru deyil. Ən azı iki səbəbə görə; diqqəti işğalçıdan və onun arxasındakı güclərdən yayındırmamaq üçün və öz məsuliyyətimizi də dərk etməyimiz üçün.

Sırf ideoloji, siyasi və s. maraqlar baxımından qarşı tərəfi təmsil edənləri günahlandırmaq, hansısa lideri pisləməyə və ya mövqeyini zəiflətməyə çalışmaq, öz mövqelərini daha güclü göstərmək, öz məsuliyyətini azaltmaq və s. naminə aparılan bu cür kampaniyalar ədalətdən uzaq olduğu kimi milli maraqlarımıza da zərər verir, milli kimliyimizin formalaşma prosesində mənfi izlər qoyur.

Azərbaycan qonşu dövlətin (Ermənistanın) ərazi iddialarına və işğalçı hücumlarına məruz qalıb, bu işğala xaricdən ciddi dəstək verilib, ərazimizin 20%-i hələ də Ermənistanın işğalı altındadır. Ərazi itkimizlə bağlı istənilən müzakirənin təməlində bu fakt dayanmalıdır, bu məqamı kənara qoyaraq məsuliyyəti sadəcə “babalarımıza” ya da ümumiyyətlə içimizdəki digərlərinə yükləməyə çalışmaq həm ədalətli deyil, həm də zərərlidir.

Milli kimliyimizin formalaşma prosesində bizim sadəcə satan, qaçan, qorxan və s. insanlar olduğumuzun təbliğatı da eyni dərəcədə qüsurlu və zərərlidir. Halbuki əksini, yəni, çətin şəraitdə göstərilən qəhrəmanlıqları, qazanılan uğurları sübut edən nə qədər nümunə var.

Xüsusi olaraq İrəvanla bağlı məsələyə gəldikdə isə… Tiflisdə qurulmuş, Gəncəyə köçməyə hazırlaşan, Bakını özünə nə vaxt paytaxt edəcəyi hələ tam bəlli olmayan, dövlət ənənəsi, kadrları və ən əsası ordusu olmayan bir cümhuriyyəti İrəvanı verməkdə ittiham etmək heç bir haqqa-hüquqa sığmır. Təsəvvür edin ki, imperiyanın mərkəzində inqilab (ya da çevriliş) olub. Tarixi şəraitdən də istifadə edən Milli Şura Azərbaycan Xalq Cümhuriyyətini elan edir. Yəni, söhbət mövcud olmuş hansısa bir dövlətdə yeni rejim qurmaqdan, hətta hansısa daha öncə mövcud olmuş bir dövlətin bərpasından getmir. Tarixi dövlətçilik ənənəsində fasilələr yaranmış, uzun müddətdir əsarət altında olan, əraziləri parçalanmış, milli şüuru formalaşmamış bir xalqın yeni dövlətinin qurulmasından gedir. Ortada bu cümhuriyyət üçün mübarizə aparan (1980-ci illərdə olduğu kimi) yüzminlərlə insan (hətta onminlərlə də) yoxdur. Ordu yoxdur. Azərbaycan adını, bu adda ayrıca dövlətin mövcudluğunu (müstəqilliyini), onun sərhədlərini heç kimə, hətta ölkə daxilindəkilərin xeyli hissəsinə belə qəbul etdirə bilmirlər. Bu dövləti yaxında və uzaqda qəbul etmək istəyən demək olar ki, yoxdur. Bu dövlətin özünün qurulması sual altındadır, nəinki tarixi Azırbaycan ərazilərinin hamısını öz sərhədlərinə daxil etmək imkanı olsun.

Bir müttəfiq var (Osmanlı). O da müharibədə məğlub olub. Ayrıca Qafqaza və Azərbaycana dair bütün yanaşmaları bizimkilərlə üst-üstə düşmür. Bu insanlar “yoxdan bayraq yaradırlar”, Azərbaycan adını, onun müstəqilliyini və sərhədlərini əsasən əksər qüvvələrə qəbul etdirirlər. Bakını paytaxt edirlər. Həmin dövrdə sadəcə Şərq üçün deyil, Qərb də daxil olmaqla insanlıq üçün müsbət nümunələr yaradırlar. Bu günkü nəsillər üçün ciddi bir müsbət miras qoyub gedirlər.Biz isə onları İrəvana da sahib dura bilməməklə ittiham edirik.

Azərbaycan Xalq Cümhuriyyətini quranların fəaliyyətlərində qüsurlar, əskikliklər və s. ola bilər. Amma onların fəaliyyətini ciddi incələmədən, hansı tarixi şəraitdə hansı nəticələr əldə etdiklərini düzgün dəyərləndirmədən, bütün tarixi əraziləri qoruya bilməməkdə ittiham etmək insafsızlıqdır. Bizim borcumuz isə mütəmadi olaraq xain, satqın, qorxaq axtarışı yerinə həm də keçmişi düzgün analiz etmək, daha yaxşı gələcək üçün bütün imkanlarımızı səfərbər etmək və mümkün qədər daha çox töhfə verməyə çalışmaqdır.

Paylaş: