Ç. Noy 13th, 2019

Bu həqiqəti “sülh göyərçinlərinə” uca səslə deməyin vaxtıdır…

Bəxtiyar Səlimov

Əgər beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə biganə qalmasaydı, 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününü qeyd edən körpələrin arasında balaca Zəhra da olacaqdı. Erməni hərb maşını bu körpə fidanımızın böyüyüb qol-qanad atmasına imkan vermədi. Füzuli rayonunun Alxanlı kəndində dünyaya göz açan Zəhra Quliyeva 7 iyul 2017-ci ildə Ermənistan ordusunun kəndi ağır silahlardan atəşə tutması nəticəsində nənəsi ilə birlikdə faciəli şəkildə həlak oldu. Şəhidlərimizin sırasına 14 aylıq balaca qızcığazın da adı yazıldı, qəbri doğma kəndində qazıldı…

Bütün müharibələrin bir gün danışıqlar masası ətrafında başa çatdığıyla bağlı həqiqəti heç kim inkar etmir. Hazırda tərəflər arasında qeyri-müəyyən vəziyyət ona görə davam edir ki, Ermənistan danışıqlar masasının ətrafında əyləşməkdən imtina edir. Beynəlxalq hüququn bütün prinsiplərinə tüpürən təcavüzkar dövlət ikili standartların qazandırdığı üstünlüklərdən faydalanmaqda davam edir. Status-kvonun bir gün dəyişəcəyi heç kimdə şübhə doğurmasa da, real mənzərə ürəkaçan deyi. Azərbaycan xalqının ikili standartlardan əziyyət çəkdiyi belə həssas dönəmdə qəfildın peyda olan “sülh göyərçinləri” çıxardıqları əcaib-qəraib səslərlə ovqatımızı təlx etməkdən çəkinmirlər. Bir müddət əvvəl Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu hədəfə götürən qarğa xislətli “göyərçinlər” indi də Azərbaycan bayrağının şərəfini öz azadlığından üstün tutan qəhrəman zabitimiz Ramil Səfərova dil uzadırlar. Köhnə bayatılar yeni orenjamanda təqdim olunmaqdadır.

Ermənistan sülhə hazır olmadığını hər fürsətdə büruzə verməkdədir. Mayın 30-da Azərbaycan Ordusunun mayoru, tabor komandiri Aqil Omarovun xaincəsinə qətlə yetirilməsi düşmənin təcavüzkar siyasətindən əl çəkmək niyətində olmadığını bir daha sübut etdi. Snayperlərin təmas xəttindən geri çəkilməsiylə bağlı müzakirələrin intensiv xarakter aldığı bir vaxtda düşmənin bu addımı təkcə özünüifşa deyil. Ermənilər bu hərəkətləri ilə həm də Azərbaycandakı “sülh göyərçinlərinin” ağzının üstündın tərs şillə vurmuş oldular.

Əgər bu adamlarda azca abır-həya hissi olsa, bundan sonra ağızlarını açıb bir kəlmə də danışmazlar… Beynəlxalq təşkilatların dəstəyi ilə regionda “nə hərb, nə sülh” siyasəti davam edir. Bu siyasətdən ən çox əziyyət çəkən Azərbaycan xalqıdır. İllər bir-birini əvəz etdikcə müharibə dəhşətləri acı xatirəyə çevrilərək, daha çox yaşlı nəslin leksikonunda çözələnir. Şahidlərin tədricən şəhidlərə çevrilməsi müharibə əleyhdarlarının əl-qolunu açıb. Zamanı dayandırmaq mümkün olmasa da, onu öz xeyrimizə çevirə bilərik.

“Sülh göyərçinlərini” susdurmaq üçün öz həqiqətlərimizi daha uca səslə söyləməyin vaxtıdır…

Paylaş: