C. Okt 18th, 2019

Dərslərin başlama və bitmə vaxtı yenə dəyişir? – NAZİRLİK AÇIQLADI

“Tədris ilinin müddəti ilə bağlı hər hansı dəyişiklik növbəti dərs ilində də gözlənilmir”.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Ümumi təhsil haqqında” Qanunda yer alan tədris ilinin müddətinin prezidentlə razılaşdırılması müddəası ilə bağlı görülən işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, indiki halda bu məsələ müzakirə edilmir: “Tədris ilinin müddəti ilə bağlı dəyişiklik olacağını düşünmürəm. Ən azından, belə bir məsələ nəzərdə tutulmur. Bununla bağlı müzakirələr yoxdur” . 

Xatırladaq ki, 2014-cü ildə Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.  Dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil – 1 fevral – 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər bunlardır – 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən, respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Bu qərara qədər isə ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr – 29 dekabr və 6 yanvar – 31 may olmaqla iki yarımilə bölünüb. 

İllərdir ki, tədris ilinin müddəti ilə bağlı əvvəlki qaydanın tətbiqi tələbləri səsləndirilir. 

Çünki tədris proqramı mayın sonunda baş çatır, dərsliklər iyunun əvvəlində şagirdlərdən geri alınır. 

Ancaq kiçik və böyük summativlər iyun ayına salındığından dərsə davamiyyət məcburi olur. 

Qeyd edək ki, bu günlərdə ölkə başçısı İlham Əliyevin fərmanı ilə “Ümumi təhsil haqqında” Qanun təsdiq olunub.

Həmin qanunun 13.10-cu maddəsinə uyğun olaraq, tədris ilinin müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməlidir. 

 

Paylaş: