Be. Sen 23rd, 2019

“Qarabağ” məsələsi Rusiya ilə müzakirə olunarsa… – “Üfüqdə həll görünmür”

Rusiyanın birbaşa tərəf olduğu münaqişələrin həlli üfüqdə görünmür.

Turkustan.info bildirir ki, QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a açıqlamasında “Qarabağ məsələsi ilə bağlı müzakirələri Ermənistan yerinə Rusiya ilə aparmalıyıq” yanaşmasına münasibət bildirib.

N.Cəfərsoy hesab edir ki, bu, stratejik baxımdan çox böyük yanlışdır:

“Əvvəla, müzakirə masasında Rusiya Ermənistanla müqayisədə çox böyük gücdür. Onunla bazarlıqda Azərbaycanın imkanları Ermənistanla müzakirədən daha azdır. Halbuki, Ermənistanla müzakirədə Azərbaycanın bazarlıq gücü siyasi, iqtisadi, hərbi və psixoloji baxımdan daha yüksəkdir. Rusiyanın birbaşa tərəf hesab edildiyi Abxaziya, Cənubi Osetiya və Krım nümunələrinə baxın. Hər üç problemdə Rusiya birbaşa tərəfdir və bu üç problemin praktiki həlli üfüqdə görünmür”.

Ekspert hesab edir ki, digər tərəfdən Rusiya Azərbaycanla bu müzakirələri özünün Qafqazdakı geosiyasi maraqlarını maksimizə etmək üçün istifadə edəcək:

“Bunun ən aktual nümunəsi Rusiyanın Suriya böhranında rəsmi Ankara ilə rəsmi Dəməşq arasında vasitəçilikdən əldə etdikləridir. Üçüncüsü, ermənilərin tarixi ərazilərimizi almaqda Rusiya amilindən məharətlə istifadə etdiklərini nəzərə aldıqda da bu yanaşma tarixi təcrübə baxımından da ciddi bir səhvdir. Dördüncüsü, Qafqazda bölgənin 3 böyük gücündən nisbətən ən müəyyənləşdirici olanını tamamilə qarşı tərəfə yönəltmək bizə daha ciddi zərərlər verəcək. Rusiyanın imperyal ambisiyaları və ermənilərin məharətli oyunu ilə bu proses 1990-cı illərdə yaşandı və nəticələri hamıya məlumdur. Putin dövründə Yeltsin dövrü ilə müqayisədə qurulan nisbi tarazlığın yenidən ermənilər lehinə pozulması regiondakı strateji tarazlıq oyununda bizim lehimizə olmaz”.

Paylaş: