Be. Sen 23rd, 2019

Valideynləri Zəhranı oğurlayan qadından razılıq edirlər: “Uşağa yaxşı baxıb” – VİDEO

Ramazan Bayramı ərəfəsində Sabunçu rayonu ərazisində yaşayan 4 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi xəbəri hər kəsi sarsıtmışdı. Lakin çox sevindirici haldır ki, o, hadisədən iki gün sonra Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində tapılaraq, sağ-salamat ailəsinə təhvil verildi.
Məlum olduğu kimi, azyaşlı uşağın Masallı rayon sakini, 39 yaşlı Təzəgül Nəzərova tərəfindən qaçırıldığı və iki gün ərzində onun tərəfindən diləndirildiyi bildirilir. Mətbuatda yayılan məlumatlara görə, həmin qadın qaraçıdır, digər məlumatlarda isə onun qaraçı olmadığı, əqli cəhətdən problemləri olduğu deyilir. Qadının uşağı hansı şəraitdə qaçırtdığı, iki gün onu harada və necə saxladığı isə hələlik məlum deyil.
Turkustan.info musavat.com-a istinadən xəbər verir ki, hadisə günü evin böyük qızı Laçın və valideynlər işdə olub, uşaq 11 yaşlı digər bacısının öhdəsində olub. Bacısı babasıgilə çıxanda, uşaq da evdən çıxıb, mağazaya girib, daha sonra itkin düşüb. Qadın Zəhranı metronun “Neftçilər” stansiyasının yanında dilənçilik məqsədi ilə əlindən tutaraq gəzdirib.
Övladına yenidən qovuşan Cəmilə Hüseynova bəlkə də bu hadisədə bircə məsələyə sevinir, övladına yaxşı baxılıb, ac saxlanılmayıb: “Uşağı incitməyib, yedizdirib, içizdirib, özü ilə gəzdirib, Zəhra da ki, gəzməyi çox xoşlayır. Evə gələndə ac deyildi, ondan bilirik ki, ac saxlamayıb. Baxmağına yaxşı baxıb…”
Qonşu qadın gülümsəyərək, maraqlı bir məqamı danışır: “Zəhra o qədər gəzib ki, indi də gəzmək istəyir. Və tez-tez “o biri mamamı istəyirəm” deyir. “O biri mama” deyəndə həmin qadını nəzərdə tutur. Görünür, qadın onunla yaxşı rəftar edib. Uşağın dediyindən belə başa düşülür ki, qadın ona yemək üçün dönər, “koka-kola”, digər şeylər alıb, bu da uşağın xoşuna gəlib”. 

Paylaş: