Ça. Avq 20th, 2019

“1 senytabrda başlasın, 25 mayda bitsin” – Deputatlar dərs ili haqda DANIŞDILAR

Orta məktəblərdə dərs ilinin müddəti ilə bağlı mövzu yenidən aktuallaşıb. Valideynlərin böyük əksəriyyəti sosial şəbəkələrdə tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmədiklərini vurğulayır, buna nəhayət son verilməsini istəyirlər.

Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi çətinləşir, davamiyyət aşağı düşür.

Bu səbəbdən də məktəblərin əvvəlki sistemlə – senytabrın 15-dən may ayının 31-nə kimi olmasını istəyirlər.

Turkustan.info bildirir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli isə əksinə, dərslərin iyun ayının 14-də bitməsinin olduqca normal hal olduğunu vurğulayır. Mövzu barədə Modern.az-a danışan deputat bildirib:

“Hazırda cəmiyyətdə belə fikir formalaşıb ki, tədris proqramlarında çox ağırlıq var və bu da şagirdlərin dərsləri qavramasında çətinlik yaradır. Amma mənim fikrimcə, şagirdlərin dərsləri qavramasındakı çətinliyi tədris prosesinin düzgün qurulmaması ilə əlaqədardır. Əgər məktəblərdə tədris prosesi normal qurularsa, ayrı-ayrı fənlərin tədrisi iyun ayının 14-nə kimi davam etməlidir. Bu isə şagirdlərin dərsləri daha asan qavramasına, təkamül əsasında başa çatmasına kömək edər. 
İkincisi isə tətil günləri ilə bağlı demək istəyirəm ki, 3 ay tətil müddəti var. Bunu bir xeyli də uzatmaq fikrimcə, şagirdlərin hafizəsində sinifdən-sinifə keçmə prossesində çətinlik yaradır. Düşünürəm ki, 3 aylıq məzuniyyət şagirdlər üçün yetəri qədər çoxdur, buna 15 gün də əlavə etmək mənasızdı. 
Dərslərin iyunda bitməsindən narazı qalan valideynlər ayrı-ayrı fənn proqramlarının bağlanmasından və təkrar dərslərin keçilməsindən şikayət edirlər. Bu, dərslərin iyunda bitməsi ilə deyil, bəzi məktəblərdə dərs proqramlarının düzgün qurulmaması ilə əlaqədardır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva isə həmkarından fərqli olaraq tədris ilinin mayın 25-də bitməsinin tərəfdarıdır:

“Mən əslində tədris ilinin senytabrın 1-dən başlanıb, may ayının 25-də bitməsinin tərəfdarlarındanam. Tədris proqramlarının erkən bağlanmasına gəlincə, demək istəyirəm ki, biz oxuduğumuz illərdə də may ayının 10-na kimi artıq kitablar yığılırdı, proqramlar bağlanırdı. Kitablar yığılandan sonra biz imtahana hazırlaşır, müzakirələr aparırdıq. Bundan əlavə, müəllimlərimiz yay üçün bizə kitablar məsləhət görürdü. Biz hətta yayda kitab oxuyub, onların annotasiyasını yazırdıq. Amma onu da düşünürəm ki, məsələni bu qədər şişirtməyin, “qlobal problem”ə çevirməyin də adı yoxdur”.

Xatırladaq ki, 2015-ci ilə kimi Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və mayın 31-də yekunlaşırdı. 
Ancaq keçmiş təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin dekabrında imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələlərinin müddəti dəyişdi. Belə ki, həmin əmrlə dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır, bu, hazırda da qüvvədədir.

Paylaş: