Ça. Mar 31st, 2020

Böyük adam idi…

Araz Aslanlı

Böyük adam idi…

Əslində “böyük adam”ın nə demək olduğunu dəqiq bilmirdi. Amma uşaqlıqda böyüklərindən tez-tez eşidirdi ki, mütləq böyük adam olmaq lazımdır. Çünkü atası da böyük adam idi…

O da oxudu və böyük adam oldu. Nə oxuduğunu isə özü belə bilmirdi. Əsas böyük adam olmaq idi, o da olmuşdu…

Sonra “çox böyük bir adam”ın qızı ilə ailə qurdu. Böyük bir şadlıq evində əvvəlcə elçilik, sonra isə nişan mərasimi oldu. Nəhayət çox böyük bir toy də etdilər və bizim böyük adam bir az da “böyüdü”. Özünə böyük avtomobil və böyük ev aldı. Evinin ətrafındakı onsuz da böyük olan hasarı bir qədər də böyütdü.

Övladları dünyaya gəldi. Övladlarını doğum edindən böyük maşınlarla çıxardılar. Təbii ki, doğum evinə gedərkən həyat yoldaşına böyük gül dəstəsi, həkimlərə isə böyük şokolad qutuları və böyük pullar aparmışdı.

Oğlu böyüdükdən sonra onu böyük bir adamın qızı ilə evləndirdi, qızını da böyük bir adamın oğluna ərə verdi…

Sonra böyük bir ziyarətə getdi və əlavə titul da aldı.

Ailəcə həmişə böyük liderləri dəstəklədilər, böyük adamlarla yaxınlıq etdilər və daim böyüdülər…

…Nəhayət vəfat etdi. Onun üçün böyük bir yas məclisi təşkil olundu. Çadırda mərhumun böyük şəkli asıldı. Məclisi “böyük molla” idarə edirdi. Belə də olmalıydı. Çünkü məclisə gələnlərin böyük əksəriyyəti məhz “böyük adam”lar idi. Qəbristanlıqda ailələri üçün xüsusi ayrılmış yerdə dəfn olundu. Sonra da ona böyük bir başdaşı qoydular. Üstünə də böyük hərflərlə “dərin mənalı sözlər” yazdılar…

Bu dünyadan gedəndə hələ reallaşdırmadığı nə qədər böyük planları var idi…

“Böyük adam” böyük başdaşının altındakı kiçik məzara sığışdığına hələ də inana bilmir. Amma onun bu dünyadakı boşluğunu yeni “böyük adam”lar doldurmağa çalışır.

Paylaş:

mersin escort bayan mersin escort