Bz. Avq 18th, 2019

Deputat: Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?

Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib.

O, İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib. 

Deputat “Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məsələ qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir:

“İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir. Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib:

“Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır.

O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

V.Əhmədov onunla razı olmadığını deyib:

“Dərinə getsək, başqa şeylər çıxacaq. Mən sənin dediyinlə razı deyiləm. Sual verirəm, niyə bank əmanəti 12 faizlə götürür, mənə 25 faizlə verir? O dediyin kreditlər yoxdur. Biz Azərbaycanda yaşayırıq da, Amerikadan gəlməmişik ki”.

Məlumat üçün bildirək ki, Vahid Əhmədov hər zaman bankların düzgün kredit siyasəti yeritmədiyini bildirir, bunun tənzimlənməli olduğuna dair fikirlər səsləndirir. (oxu.az)

Paylaş: