C. Avq 23rd, 2019

“Həmsədrlərin son hadisələrə biganə münasibəti qəbul edilməzdir” – Məlahət İbrahimqızı

“Son illərdə beynəlxalq təşkilatların fəaliyyətindəki durğunluq daha çox hiss olunur. Bu təşkilatların dünyanın humanitar və qlobal problemlərinə ikili standartlarla yanaşması isə artıq dözülməzdir. BMT-nin və dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının işğalçı kimi tanıdığı Ermənistana qarşı ATƏT-in Minsk Qrupu həmsədrlərinin biganə münasibəti qəbul edilməzdir”.

Turkustan.info xəbər verir ki, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı söyləyib. Millət vəkili bu günlərdə cəhbə xəttində Azərbaycan hərbçilərinin şəhid edilməsinə diqqət çəkib: “Elə bu günlərdə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlunun və bir neçə gün sonra isə Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlunun şəhid edilməsi hadisələrinə yarıtmaz münasibət həmsədrlik institutundan heç bir gözlənti olmayacağına əsas verir. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri erməni işğalçılarını kəskin qınamalı, Ermənistanın Müdafiə Nazirinin açıqlaması pislənilməli və Ermənistan hökumətinə BMT TŞ-nin qətnamələrini qeyri-şərtsiz yerinə yetirməsi üçün ciddi təzyiqlər edilməlidir.
Şəhidlərimizin yaxınlarına və millətimizə isə dərin hüznlə başsağlığı verir və səbr diləyirik”.

Paylaş: