Ca. Sen 19th, 2019

İranda əhalinin durumu kəskin pisləşir – “Gallup” sorğu mərkəzi

2018-ci ildə iranlıların 57 faizinin iqtisadi durumu pisləşib. Cəmi 7 faiz iş tapmaq üçün yaxşı zaman olduğunu deyib. Ötən il 34 faiz iranlı “əziyyət” çəkdiyini deyib. Bu sorğunu “Gallup” araşdırma mərkəzi aparıb.

Qurum bildirir ki, ötən ilin mayında ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxandan, iqtisadi sanksiyaları bərpa edəndən sonra iranlıların yerli iqtisadiyyata inamı milli valyuta ilə birlikdə kəlləmayallaq gedib. Rial rekord səviyyədə ucuzlaşdığı bur vaxtda, iyulun sonunda- avqustda iranlıların 57 faizi iqtisadi durumlarının pisləşdiyini deyib.

Dünya Bankı da proqnozunu azaldıb

O vaxtdan İranın iqtisadi vəziyyəti daha da ağırlaşıb. Dünya Bankı ötən həftə bu ölkənin iqtisadiyyatı üzrə proqnozlarını üçüncü il ardıcıl olaraq azalıb.

Tehranda gənc cütlük məişət əşyaları marketində
Tehranda gənc cütlük məişət əşyaları marketində

Nüvə sazişi imzalanandan sonra iranlıların çoxu daha yaxşı iş tapacağına ümid edirdi. Ancaq ABŞ sənəddən çıxandan sonra bu ümidlər azalıb. Hələ sanksiyalar iş bazarına təsir göstərməzdən, şirkətlər kütləvi ixtisarlara başlamazdan öncə iranlılar bundan betərinə hazırlaşırdılar. Sorğu zamanı respondentlərin cəmi 7 faizi deyib ki, yaxşı iş tapmaq zəmanəsidir.

Ötən il hər altı iranlıdan biri (16%) tam ştatda işlədiyini deyirdi. Gallup 2012-ci ildən sorğu keçirəndən bu, ən yüksək göstəricidir, amma yenə də 16% region üzrə ən aşağı rəqəmlərdən sayılır. Təşkilat bu göstəricinin İraq, Mərakeş, Fələstin torpaqlarındakına oxşar olduğunu, yalnız müharibə gedən Yəməndəki 6%-dən yüksəkdə durduğunu bildirir.

15-29 yaşlı iranlılardan isə 17 faiz tam ştatda çalışdığını söyləyib.

Belə bir mühitdə iranlıların çoxu həyatlarının pisləşdiyini, gələcəyə ümidlərinin azaldığını söyləyib. Yalnız 12 faiz həyatlarını müsbət dəyərləndirib, 34 faiz isə “əziyyət” çəkdiyini deyib. İranlıların növbəti beş ildə həyatlarına dair gözləntiləri 2017-2018-ci illər ərzində tam bir vahid azalıb – ortalama 4,9-a düşüb (ən yaxşı mümkün həyat göstəricisi 10-dur).

İranda müəllimlər etiraz edir, arxiv fotosu
İranda müəllimlər etiraz edir, arxiv fotosu

Trampın dediyinə düz gəlməsə də…

“Gallup” yazır ki, bu məlumatlar Trampın ötən həftə İranı çökməkdə olan ölkə təsvir etməsinə uyğun gəlməsə də, iqtisadiyyatı, əhalisinin həyatı daha da pisləşən ölkə olduğunu göstərir. İran prezidenti bu yaxınlarda ölkəsinin sanksiyalardan çəkdiyi problemləri İran-İraq müharibəsi dövrünə bənzədib. Amma eyni zamanda o, İranın geri çəkilmək niyyətində olmadığını vurğulayıb. “Deməli, əziyyət çəkən sıravi iranlılar həyat və iqtisadiyyatlarını daha mənfi dəyərləndirə bilərlər. Gallup-un 2019-cu ildə İranda aparacağı sorğular bunun belə olub-olmadığını üzə çıxaracaq”, – məqalədə deyilir.

Donald Tramp ABŞ-ı İranla nüvə sazişindən çıxararkən bu razılaşmanın İranı nüvə silahları istehsalından çəkindirmək üçün kifayət qədər sərt olmadığını bildirmişdi. O bildirirdi ki, razılaşmada İranın “raket proqramı və regiondakı hərbi qruplaşmalara dəstəyi nəzərə alınmayıb”. İran regiondakı qiyamçı fəaliyyətlərə dəstək verdiyini danır və bildirir ki, onun nüvə fəaliyyəti sırf dinc mülki xarakterlidir. (azadliq.org)

Paylaş: