Bz. Avq 25th, 2019

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapıldı

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur  Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.

S.Nəsirov dahi şairimizlə bağlı apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl- Misriyyə) Imadəddin Nəsiminin əlyazmalarını tapıb.

Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirir.

Azərbaycan dilində olan əlyazmanın uzərində Nəsimi Külliyatı yazılıb. Bu külliyat şeir və nəsrdən ibarətdir. 
“Şeirlərin çoxu rubai və məsnəvi üslübünda yazılıb. Arasında qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir”. 
S. Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı-ayrı sonu eyni hərflə bitən şerlərin olması olub. 
“Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliğ xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsr olunub.

Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şeirlərdən ibarətdir. Adı “Divan Nəsimi”dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xəttilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm uzunluğu isə 16 sm-dir və sayı səksən altıdır”.

Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl- Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir. (modern.az)

Paylaş: